RMDM-də qida borusu törəmələrinin müalicəsində ən yeni üsullar tətbiq olunur

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM-də qida borusu törəmələrinin müalicəsində ən yeni üsullar tətbiq olunur

 

Qida Borusu (ezofagus) törəmələrinin müalicəsində tətbiq olunan əməliyyatlar cərrahiyyənin ən həcmli və riskli müdaxilələri hesab olunur. Postoperativ dönəmin ağır keçməsi və ölümcül fəsadların əsas səbəbi bu əməliyyatların həm qarın boşluğu, həm də döş qəfəsində aparılması və buna bağlı ciddi əməliyyat travmasıdır. Bu ənənəvi üsulları tətbiq edən mərkəzlərdə əməliyyatdan sonrakı ağırlaşma və ölüm faizləri bu günlərdə də yüksək qalmağa davam edir.

 

Lakin dünyanın qabaqcıl tibb mərkəzlərində bu əməliyyatların laparoskopik üsulu tədqiq edilmiş və son on ildə uğurla tətbiq edilməyə başlamışdır. Bu müasir əməliyyat növünün ənənəvi üsullardan fərqi – minimal travma və ağrının az olması, daha qısa yataq müddəti və ən əsası ağırlaşma və ölüm faizlərinin ciddi şəkildə azalmasıdır.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Qida Borusunun Laparoskopik əməliyyatları iki cərrahi komanda tərəfindən həyata keçirilir - ümumi cərrahiyyə uzmanı İlqar İsmailov və döş qəfəsi uzmanı Elmar Məmmədov. Endoskopik icra edilən Ezofajektomi əməliyyatların sayı artıq 40-ı ötüb və nəticələr digər qabaqcıl mərkəzlərlə eynidir.

 

Son həftədə Respublika Müalicəvi Diaqnostika Mərkəzində üç xəstəyə Total Laparoskopik-Torakoskopik Ezofajektomi əməliyyatının uğurla icra edilməsi ölkə səhiyyəsinin böyük bir uğurudur.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

12/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..