Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

KİV nümayəndələri Oftalmologiya Mərkəzinin Gəncə filialında müayinə olunublar

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı Azərbaycan milli mətbuatının 143 illiyi münasibətilə KİV nümayəndələri üçün “Sağlam baxış, sağlam cəmiyyət” adlı açıq qapı günü və göz müayinəsi aksiyası təşkil edib.

 

Aksiya zamanı Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən elektron vasitələrin, informasiya agentliklərinin, qəzetlərin və xəbər saytlarının müxbirləri, jurnalistlər, operatorlar və digər texniki əməkdaşlar müayinədən keçiblər.

 

Əvvəlcə KİV nümayəndələrinə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şərait haqqında məlumat verilib.

 

Bildirilib ki, 2016-cı ilin may ayından fəaliyyətə başlayan Oftalmologiya Mərkəzi üçün şəhərin mərkəzi hissəsinə yaxın, tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz edilib.

 

Oftalmologiya Mərkəzi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsində hazırda 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanır.

 

Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb.

 

Mərkəzin Gəncə filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yaranan anatomik pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv, tor qişanın qopması və görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçirilir.

 

KİV nümayəndələri Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər.

 

Sonra Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən KİV nümayəndələri oftalmoloji müayinə olunublar. Yoxlamadan keçənlərin bəzilərində astiqmatizm və miopatiya aşkar edilib ki, onlara tibbi məsləhətlər verilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin Məlumatı

23/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..