Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edilib

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlim kursları keçirilib. Kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında təşkil olunub.

 

İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə kurs keçmiş təlimçi Nahidə Mahmudova kurs iştirakçılarına reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsipləri haqqında məlumat verib.

 

Ölkənin doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, eyni zamanda təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi öyrədilib. Həmçinin iştirakçılara yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərilməsi, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasının təmin olunması ilə bağlı ətraflı məlumat verilib.

 

Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 13 bal təşkil edib. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..