Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Zərifə Əliyevanın 91 –ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir

Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümüdür. Bu münasibətlə bu gün “Oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda Azərbaycan tibb ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Elmar Qasımov görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışmışdır.

Bildirilmişdir ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Konfransda çıxış edənlər bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışmışlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013