Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

17.06.2014-cü il tarixində Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirildi. Tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasıbəti ilə təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı.

Qeyd olundu ki, tibb işçiləri bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 600-ə yaxın yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.

Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. 2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilmiş və Azərbaycan bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının nəticəsidir.

Sonra nazir O.Şirəliyev kollegiya iştirakcılarına səhiyyənin prioritet istiqamtlərindən- kardiocərrahiyyə, sümük iliyinin transpalntologiyası, irsi qan xəstəlikləri və.s. istiqamətlərində görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışdı.

Daha sonra kollegiya katibi Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” medal və adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncamını səsləndirdi.

Tədbirin sonunda sıra tibb işçisinə mükafat və hədiyyələr təqdim olundu.

Rəsmi hissə bitdikdən sonra Səhiyyə Nazirliyində bayram tədbiri düzənləndi.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

17/06/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013