Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir

Bu gün görkəmli alimin anadan olmasının 101-ci ildönümüdür

Bu gün Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümüdür.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli ictimai və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açıb. Xalqımızın böyük oğlu Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub.
Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemin - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini dünyada tanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi.
Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara. Bu gün də Zərifə xanım haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.