Səhiyyə naziri I Türk Dövlətləri Kardioloji Qurultayının açılısında çıxış edib

Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-21-də Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir.
Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak edirlər. I Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.
I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda giriş sözü ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, Qurultayın vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbul şəhərində keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək, birgə gələcəyimiz üçün möhkəm təməllərin olduğunu vurğulayıb. Təşkilat çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlardan danışarkən üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi nəzərə alınmalı mühüm amillərdir”, - deyə Teymur Musayev bildirib.
Onun sözlərinə görə, Qurultayda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır: “Qurultay kardiologiya sahəsində tibbin ən son yeniliklərinə dair məlumatlarla tanış olacağınıza və ölkə vətəndaşlarının sağlamlığının möhkəmləndirilməsinə yönəlik faydalı biliklər əldə edəcəyinizə zəmin yaradır”.
Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində respublikamızın suverenliyi tam bərpa olduğunu vurğulayan Teymur Musayev, azad olunan torpaqlarımızda qardaş Türk Dövlətlərinin bərpa-quruculuq işlərində aktiv şəkildə iştirak etdiklərini qeyd edib.
Sonda Azərbaycanın səhiyyə naziri Qurultayın təşkilinin ənənə halını almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklif edib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı vurğulayıb ki, tarix boyu Türk xalqlarının ürəyi hər zaman bir-biri üçün döyünüb. Onun sözlərinə görə, beynəlxalq tədbir Türk Dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.

ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova öz çıxışında qeyd edib ki, Qurultayın proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan plenar və bölmə iclasları, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik müzakirələr, debatlar və yeni klinik tövsiyələr daxildir.
Açılış mərasimində, həmçinin Türkiyənin ürək nəqli edən ilk qadın doktoru, professor Serap Aykut, Qazaxstan Respublikasının baş kardioloq, prrofessor Maxabat Bekbosınova, Özbəkistan Səhiyyə Nazirliyinin baş kardioloqu Xurşid Fozilov və digərləri çıxış ediblər.

Qeyd edək ki, I Türk Dövlətləri Kardioloji Qurultayı çərçivəsində Azərbaycanda ilk dəfə kardiologiya üzrə kurslar təşkil edilib. “Ürək-damar xəsətliklərində kardiak görüntüləmə” kursu zamanı ürək-damar xəstəliklərinin diaqnostikasında MRT görüntüləmə, kardiak KT angioqrafiya kimi müasir üsulların effektivliyi və əhəmiyyəti interaktiv şəkildə müzakirə edilib. Xarici həkimlərin iştirakı ilə baş tutan “Ürək qapaq xəstəliklərində yeniliklər: transkateter aorta qapağı implantasiyası (TAVI)” adlı kursda qapaq xəstəliklərinin açıq cərrahi müdaxilə olmadan invaziv üsulla bərpası, transkateter aorta qapağının implantasiyası (TAVI simulyasiyası) nümayiş etdirilib.
Eyni zamanda, “Endovaskulyar anevrizmanin (EVAR) və torakal endovaskulyar anevrizmanın (TEVAR) bərpası və müalicəsi” kursunda bu əməliyyatlar barədə ətraflı məlumat verilərək, EVAR və TEVAR əməliyyatlarının simulyasiyası aparılıb. Həmçinin, ilk dəfə keçirilən “Renal denervasiya” adlı kursda Rezistent hipertenziya (dərman müalicəsinə cavab verməyən davamlı yüksək təzyiqin müalicəsi üçün minimal invaziv bir prosedur) haqqında ətraflı məlumat verilib.
Daha sonra Azərbaycan və Türk Dövlətləri haqqında videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Ümumilikdə, 3 gün davam edən Qurultaya 1000-dən artıq yerli və xarici mütəxəssislər qatılıb.
Qeyd edək ki, I Türk Dövlətləri Kardioloji Qurultay Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 51 DTT kredit balı ilə qiymətləndirilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.