Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi Xızı, Quba və Qusar rayonlarına press-tur təşkil edib

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə Xızı, Quba və Qusar rayonlarına növbəti press-tur təşkil edib.

 

"Report"un məlumatına görə, jurnalistlər ilk olaraq Xızı Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.

 

Səhiyyə müəssisəsinin baş həkimi Bəhtaş Nəbiyev bildirib ki, 2012-ci ildən əhalinin xidmətinə verilən xəstəxanada cərrahiyyə, terapiya, doğuş, pediatriya, iki çarpayıda anesteziologiya, reanimatologiya şöbəsi var: “Xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunub. Gün ərzində təxminən 165 nəfərə xidmət göstəririk. Xəstəxanada qeydiyyatda olan 196 nəfər şəkər xəstəsi tamamilə zəruri dərman preparatları və şəkər ölçü cihazı (qlükometr) ilə təmin olunub. Bundan başqa, xəstəxanada qeydiyyatda olan vərəm, böyrək çatışmazlığı xəstələri də dərman preparatları ilə tam pulsuz təmin edilirlər. Xəstəxanada fəaliyyət göstərən aptek stasionar xəstələr üçün nəzərdə tutulub. Həkimlər ehtiyac duyduqları dərman siyahısını tərtib edir və bu barədə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə tələbnamə ilə müraciət olunur. Ən çox dərman tələbatı terapiya və uşaq xəstəlikləri ilə bağlı olur”.

Onun sözlərinə görə, hazırda xəstəxanada 12 nəfər onkoloji xəstə qeydiyyatdadır: "Onkoloji xəstələrin sayında əvvəlki illərə nisbətən artım müşahidə olunur. Bu da əsasən düzgün qidalanmama, ekoloji təsir və başqa amillərdən asılıdır. Vərəm xəstəliyi ilə bağlı isə 96 nəfər qeydiyyatdadır. Eyni zamanda, böyrək xəstəliyi ilə bağlı qeydiyyatda olan 3 xəstə var. Xəstəxanada hemodializ şöbəsi olmadığndan onların müalicəsi Siyəzən Rayon Diaqnostika Mərkəzində aparılır. Həmin 3 xəstə də aran bölgəsi olan Giləzidəndir”.

 

Baş həkim deyib ki, xəstəxanadakı avadanlıqlar əsasən Yaponiya və Almaniya istehsalıdır: "10 çarpayılıq 2 cərrahiyyə otağı var. Xəstəxanada 53 tibb bacısı, 40 həkim çalışır. Burada əsasən terapiya, təcili tibbi yardım, həkim-ginekoloq, anestizoloq ixtisasları üzrə vakant yerlər var. Hazırda əlavə kadra ehtiyac duyulanda Sumqayıtdan həmin ixtisas üzrə həkimlər xəstəxanaya təhkim olunurlar".

 

B.Nəbiyev Xızı sakinləri arasında geniş yayılmış xəstəliklərin də adlarını açıqlayıb: "Bu siyahıya əsasən mədə-bağırsaq, kardioloji, ağciyər xəstəlikləri daxildir. Aşağı aran zonalarından isə əsasən göz xəstəlikləri ilə bağlı müraciətlər çox olur. Xızıda qohum evlilikləri daha çox olduğundan irsi xəstəliklər də geniş yayılıb. Son bir il ərzində aparıln nikahdan əvvəl tibbi müayinə zamanı bu günə kimi heç kimdə xoşagəlməz hal qeydə alınmayıb. Bu yay ərzində rayonumuzda ilansancma halları da yaşanmayıb. İldə bir-iki nəfər olur, onlara da ilkin yardım edilir. Xəstəxanın öz aptekində zərdab da var”.

 

KİV nümayəndələrinin növbəti dayanacağı 2010-cu ilin sentyabrından fəaliyyətə başlayan Quba Dianqostika Mərkəzi olub.

 

Mərkəzin baş həkimi Səməd Məmmədov vurğulayıb ki, xəstəxana fəaliyyətə başlayandan 10 xəstədə açıq ürək əməliyyatı, 12 xəstədə böyrəküstü əməliyyat aparılıb: “Burada xəstələrin müayinə və müalicəsi pulsuz təşkil edilir. Mərkəzdə 60 tibb işçisi, 4 sanitar qrup var. Əslində, mərkəzdə hər sahə üzrə kifayət qədər işçi personalı olsa da, cərrahiyyə, poliklinika şöbəsində vakant yerlər mövcuddur”.

 

Onun sözlərinə görə, 60 nəfərə xidmət üçün nəzərdə tutulmuş hemodializ şöbəsində hazırda 70 xəstə növbə gözləyir: "Şimal zonası üzrə ən böyük hemodializ şöbəsi Quba Diaqnostika Mərkəzindədir. Mərkəzdə 20 çarpayılıq cərrahiyyə şöbəsi fəaliyyət göstərir. Quba sakinləri sırasında əsasən böyrək daşı, mədə-bağrsaq, öd daşı, ürək-damar xəstəliklərinə meyllik daha çoxdur. Bu il ərzində rayonun 175 min əhalisindən 140 min nəfəri icbari tibbi müayindən keçib”.

Bir gün sonra isə jurnalistlər 2012-ci ildə yenidən faəliyyətə başlayan Qusar Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər.

 

Səhiyyə müəssisəsinin baş həkimi Mübariz Zeynalov bildirib ki, xəstəxanada cərrahiyyə, infeksion, vərəm, reanimasiya, terapiya şöbələri var və digər bölgələrdən müraciət edən əhalinin də stasionar müalicəsi təmin olunur: “Xəstəxanada qastroskopiya, kolonoskopiya, şüa diaqnostika şöbəsində ultrasəs, rentgen, rentengoskopiya və qrafiya müayinə metodları aparılır. Mərkəzi xəstəxanada 2014-cü ildə yanvarın 17-də əsası qoyulan onkoloji şöbə 10 çarpayılıdır və əhalinin kimyaterapiya alması üçün nəzərdə tutulub. Dərmanlar Milli Onkologiya Mərkəzi tərəfindən göndərilir və istifadəsi haqda vaxtaşırı onlara hesabat veririk. Digər dərman preparatları ilə təminat isə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada icra olunur. Bu yaxınlarda 300 ədəd şəkər ölçü cihazı (qlükometr), diabet xəstələri üçün strip testləri almışıq və xəstələrə artıq paylanıb. Qusar Rayon Mərkəzi Xəstəxanasında 2012-ci ildən ən müasir avadanlıqla təchiz olunmuş 5 çarpayılı doğum şöbəsi fəaliyyət göstərir. Doğum şöbəsində zərurət yarandıqda qeysəriyyə əməliyyatlarının həyata keçirilməsi üçün cərrahiyyə bloku da yaradılıb".

 

Onun sözlərinə görə, 2015-ci il iyunun 1-dən iyulun 25-nə qədər 2 000-ə qədər, yəni 956 cütlük nikahdan əvvəl müayinədən keçib: "Ümumilikdə müayindən keçənlərin 8-də siflis, 2-də isə QİÇS virusu aşkarlanıb. Bu gün Qusar sakinləri arasında daha çox revmatizm - oynaq xəstəlikləri geniş yayılıb. Bu da iqlim şəraiti ilə bağlıdır. Xəstəxananın ümumilikdə 850 nəfər işçi heyəti var. Bunlardan 120 həkim, 450 orta tibb işçisi rayon mərkəzi xəstəxanasında və digərləri isə həkim məntəqələrində çalışır. Xəstəxanada 14 boş vakant yer var. Bunlar əsasən mama-ginekoloq, ümumi cərrah, sahə həkimi, terapevt, endokrinoloq, oftamoloq ixtisasları üzrədir. Kənd həkim məntəqələrində məntəqə müdiri, ailə həkimləri çatışmır. Bölgələrdə həkim çatışmazlığının qarşısını almaq üçün Tibb Universitetinə qəbul olan rayon gəncləri arasında maarifləndirici tədbirlər keçirməyə başlamışıq. Onlara praktikalarını məhz bu xəstəxanada keçirmələri üçün hər cür şərait yaradılıb”.

 

Qusar Rayon Mərkəzi Xəstəxanasının onkologiya şöbəsinin müdiri Novruzəli Sultəliyev vurğulayıb ki, hazırda xəstəxanda 575 nəfər onkoloji xəstə qeydiyyatdadır: "Hər il 135-140 nəfər ilkin xəstə gətirilir.

Onkoloji xəstələrin sayı getdikcə artır. Bunun da ən başlıca səbəbi insanların müayinəyə vaxtında gəlməməsidir. Müayinə gecikəndə xəstəlik də gec aşkarlanır və müalicəsi də çətinləşir. İnsanlar öz sağlamlıqlarına ciddi yanaşmalıdırlar. İnsanlar xəstəliklərinə laqeyd yanaşırlar. Əslində isə ən doğrusu uşaq vaxtından qocalana qədər hər il müayinədən keçməkdir”.

 

Onun sözlərinə görə, onkoloji xəstələr arasında hər il yüksək ölüm göstəriciləri qeydə alınır: "Qusar rayonu üzrə hər il 65-70 nəfər ölüm göstərcisi olur. Bu da ilkin qeydiyyata götürülən xəstələrin 51-55%-ni təşkil edir. Bu, əlbəttə çox böyük bir rəqəmdir. Xəstəxanamızda qeydiyyatda olan onkoloji xəstələrin sırasında əsasən kişilər üstünlük təşkil edir. Kişilər arasında da ağciyər, mədə xərçəngi, qadınlar arasında isə süd vəzi xərçəngi, uşaqlarda qan xərçəngi, beyin şişi, böyrək şişi növlərinə daha çox rastlanır. Onkoloji qeydiyyatda olanlardan 13 nəfəri uşaq idi, bu il 3 nəfər ölümlə bağlı qeydiyyatdan çıxarılıb. Onkoloji xəstəlik əslində immunitet zəifliyi, ətraf mühit, suda, havada olan kanserogenlərin təsiri və ümumiyyətlə, kompleks səbəblərdən dolayı insan həyatını məhv edir və çox təəssüf ki, son dövrlərdə bu xəstəlikdə cavanlaşma prosesi müşahidə edilir”.

Sonda media nümayəndələri Şahdağ Turizm Kompleksində istirahət ediblər.

3/08/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..