Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Baş pediatrdan çağırış: `Uşaqlara ana südü verin`

AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Baş pediatr bildirib ki, statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər uşağa 25%-ə qədər ana öz körpəsinə süd verib: “Döş ilə əmizdirmədə - mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, təbliği istiqamətində Yunicef və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə bu rəqəm 50%-ə qədər yüksəlib. Amma bu hələ arzuolunan hədd deyil. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, xüsusən pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir”.

Nəsib Quliyevin sözlərinə görə, hər bir ananın südü körpəsi üçün adekvat və spesifikdir: “Ana südündən uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və minarel maddələrin tərkibi ideal sürətdə balanslaşdırılıb. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Döşlə əmizdirmə ananın sağlamlığına müsbət təsir göstərir. Belə ki, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ay ərzində növbəti hamiləlik riskini azaldır, Ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 98-99%-i subyektiv (ana südünün çatışmazlığı), 1-2%- isə obyektiv səbəblər (hipoqalaktiya) təşkil edir”.

Baş pediatr qeyd edib ki, səhiyyə işçiləri, cəmiyyətin bütün nümayəndələrinin birgə, müştərək məqsəd yönlü, pozitiv fəaliyyəti sayəsində ölkədə döşlə əmizdirmənin miqyasını maksimum arzuolunan həddə - 90-95%-ə çatdırmaq mümükündür: “Ana südü ilə qidalanmanı hər bir ailənin öz körpəsinə qayğısı kimi qiymətləndirmək düzgün deyil, bu, bütün cəmiyyətin qayğısıdır. Məqsəd uşaqların sağlam genofondunu yetişdirməkdir”.

Aytən Zəhra

AzVision.az

6/10/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013