Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yuxarı tənəffüs yollarının bədxassəli şişləri uzunmüddətli və səbəbsiz səs qısıqlığı əmələ gətirir

Yazın əvvəli və qışın son aylarında sinusit (haymorit) və qulaq problemləri çox yayğın hal alır. Adətən qulaq ağrıları zamanı əl altında mövcud dərmanlardan istifadə edilir. Bu dərmanlar yalnız ağrıkəsici təsiri göstərir, xəstəliyi müalicə etmir.(Bakı, 24 fevral, Günel Məlikova, AZƏRTAC)

 

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi, qulaq, burun, boğaz və baş-boyun cərrahı Anar Əsgərov bildirib.

 

Həkim deyib: “İki növ - orta və xarici qulaq iltihabı mövcuddur. Xarici qulaq iltihabına (external otit) əsasən yay fəslində daha çox rast gəlinir. Bu çimərlik mövsümünün açılması ilə əlaqədar insanların çirkli su ilə təmasından sonra əmələ gəlir. Xəstələr əsasən ağrıkəsici damcılardan istifadə edir ki, bu da ağrını müvəqqəti azaldır. Belə olan halda müalicəvi damcılar daha çox fayda verir. Qulaq xəstəliklərində hər damcıdan istifadə etmək olmaz. Kontrolsuz tökülən damcıların müxtəlif fəsadları meydana çıxır. Orta qulaq iltihabı zamanı isə qulaqdan damcılanan ağrıkəsici və digər damcılar xəstəliyin aradan qaldırmasına kömək etmir. Belə ki, bu xəstəlik burun nahiyəsində olan problemlərlə bağlı müalicə olunur.

 

Adətən boğaz qıcıqlanmaları zamanı daha çox xroniki faringit diaqnozu qoyulur. Belə əlamətlərin müxtəlif səbəbləri var. Əgər insan ağzı açıq yatırsa bu zaman quru havanın uzun müddət boğaza daxil olması faringitə səbəb olur. Mədə-bağırsaq rahatsızlıqları zamanı da mədədəki turşuluq boğazda faringit əmələ gətirə bilər. Bəzən postnazal axıntı, yəni sinusitdən əziyyət çəkənlərə də xroniki faringit diaqnozu qoyulur.

 

Ən çox rast gəlinən xroniki xəstəliklərdən biri də xroniki sinusitdir (haymorit). Bu xəstəlik iki həftəyə qədər davam etdikdə kəskin, iki aya qədər yarım kəskin, daha uzun zaman sağalmadıqda isə xroniki hesab edilir. Hər bir xəstəliyin kəskin və xroniki forması mövcuddur. Xroniki xəstəliklər müddətə görə müəyyən edilir. Təəssüflə demək istərdim ki, çox zaman sinusitin diaqnozu düzgün qoyulmur və ya insanlar xəstəliyin ağırlaşmış forması ilə həkimə müraciət edirlər. Burun çəpərinin əyriliyi, poliplər, burun ətlərinin şişkinlikləri sinusit və bunun kimi başqa xəstəliklər üçün risk faktorudur. Qrip sonrası burun yollarını sprey və ya damcılarla müalicə etmək olar, lakin bu xroniki hal aldıqda artıq burundan edilən müalicə effektivliyini itirir. Birdəfəlik müalicəsi mövcud olan sinusitin otlar və ya punksiya-iynə ilə boşaldılma üsulundan istifadə edildiyinə hələ də şahid oluruq. Bu xəstəliyin müalicəsində dünyada qəbul edilmiş üsul endoskopik sinus cərrahiyyəsidir. Xəstəliklə bağlı şikayətlər davam etdikdə pasiyentlərə tomoqrafiyanın nəticəsinə əsasən diaqnoz qoyulur və endoskopik yolla əməliyyat olunur. Əksər hallarda əməliyyatdan sonra pasiyentlər xəstəxanada qalmır. Üzdə şişkinlik və kəsiklərin olmadığından xəstə bir neçə günə normal həyata davam edə bilir.

 

Hava damcı yolu ilə keçən infeksiyon xəstəliklərə gəldikdə isə onlardan qorunma yolları sadədir. Burada yalnız şəxsi gigiyenaya riayət etmək, əhalinin sıx olduğu yerlərdə mümkün qədər qoruyucu maskalardan istifadə etmək lazımdır. Xroniki formalı xəstəliklərin qorunma yolları isə havaya uyğun geyinmək, mümkün qədər problemli hissələri isti saxlamaqdır.

 

Son olaraq səs problemlərinə toxunmaq istərdim. İki həftədən çox davam edən səs problemlərində səs tellərinin müayinəsi mütləqdir. Belə ki, yuxarı tənəffüs yollarının bədxassəli şişləri uzunmüddətli və səbəbsiz səs qısıqlığı əmələ gətirir. Bunun səbəblərindən biri səs tellərində mövcud düyün və kistalar da ola bilər. Səs xəstəlikləri risk qrupuna müəllimlər, müğənnilər kimi səsini çox istifadə edən bir sıra peşə sahibləri aiddirlər”.

 

http://azertag.az/xeber/Yuxari_teneffus_yollarinin_bedxasseli_sisleri_uzunmuddetli_ve_sebebsiz_ses_qisiqligi_emele_getirir-1038165

14/03/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..