Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda yeni açılan “Ürək Mərkəzi”ndən - REPORTAJ

Bakı. 30 mart. REPORT.AZ/ “Dünyada kardioloji xəstəliklər bütün xəstəliklər arasında ölüm və əmək qabiliyyətinin itirilməsi üzrə ilk yerdədir. Ona görə də kardiologiya artıq tibbi deyil, sosial problemdir”. Bu fikirlər Bakıda ilk dəfə olaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində açılan “Ürək Mərkəzi”ndə çalışan intervension-kardioloq Şahin Xəlilova məxsusdur. "Report" olaraq Azərbaycanda ürəklə əlaqəli yaradılan mərkəzdən reportaj hazırlamaq qərarına gəldik.

Mərkəzdə həm kardioloji-invaziv, həm də açıq cərrahiyyə əməliyyatları keçiriləcək

Tibb müəssisəsinin inşasına 2015-ci ildən başlanılmışdı. “Ürək Mərkəzi”nin yeni inşa olunan binası altımərtəbəlidir. İntensiv terapiya-reanimasiya şöbəsi mərkəzin birinci mərtəbəsində yerləşir. Şahin Xəlilov deyir ki, səhiyyə ocağının yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır: "Son illər kardioloji xəstələrin sayının artması və xəstəliyin cavanlaşması bütün dünyada ürək damar xəstəlikləri ilə mübarizəni ön plana çıxarıb. Bu səbəbdən ürək xəstəliklərinin ən sadə diaqnostikasından və müalicəsindən tutmuş, ən mürəkkəb əməliyyatlara qədər bir mərkəzdə cəmləşməsi, eləcə də bütün mütəxəssislərin ən yüksək səviyyədə olması zəruri addım idi. Ona görə də Bakıda belə bir mərkəzin açılması labüd idi".

 

“Ürək Mərkəzi”ndə həm böyüklərdə, həm də uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də kardioloji-invaziv və açıq cərrahiyyə əməliyyatları həyata keçiriləcək.

Azərbaycanda ilk dəfə olaraq “hibrid” əməliyyat bloku yaradılıb

Mərkəzdəki çarpayıların sayı 100-ə, həkim otaqlarının sayı isə 35-ə çatır. Mərkəzdə böyüklərlə yanaşı, körpələr və uşaqlar üçün də ayrıca reanimasiya otaqları var. Tibb müəssisəsi də ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib.

Reanimasiya şöbəsində Azərbaycanda ilk dəfə olaraq “hibrid” əməliyyat bloku yaradılıb. Bu cür əməliyyat zamanı xəstənin daimi müşahidəsi və müayinəsi aparılır. Hazırda kiçik iynə dəliyi ilə damar vasitəsi ilə problem olan yerdə kəsiksiz, ümumi narkozsuz həll etmək mümkündür. Buna intervension, yəni müdaxiləvi kardiologiya deyirlər. Yaxud da açıq əməlliyyat zamanı proses müddətində başqa bir əməliyyat da nəzarətli şəkildə həyata keçirilir. Hələlik “hibrid” əməliyyat blokundan istifadə edəcək xəstə olmayıb.

 

Mərkəz istifadəyə veriləndən sonra (martın 6-da istifadəyə verilib - "Report") tibb ocağına müraciət edənlərin sayı kifayət qədərdir. Bütün müraciətlər mərkəzin qeydiyyat bölümündə rəsmiləşdirilir, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin katerilizasiya laboratoriyasında yüzə yaxın əməliyyat icra olunub. Ürək-damar xəstəliklərində müraciətlərin arasında ən çox böyüklər üstünlük təşkil edib, onlar da əsasən 40-70 yaş arasındakı xəstələrdir.

Yaxın zamanda isə bütün kardio əməliyyatlar burada aparılacaq

Martın 6-dan 27-nə kimi ürək əməliyyatlarının sayı yüzdən artıq olub. Bundan əlavə, qeyd olunan müddətdə 900-ə yaxın xəstə mərkəzə müraciət edib. Artıq mərkəzin özündə də bəzi əməliyyatlara başlanıb. Yaxın zamanda isə bütün kardio əməliyyatlar burada aparılacaq.

Səhiyyə ocağında hər bir xəstə barəsində ətraflı məlumat əldə etmək mümkün olacaq, müayinə və müalicə dövründəki bütün məlumatlar arxivləşdiriləcək.

Cərrahiyyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdiriləcək. Onlar kardioreabilitasiya dövründə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar. Xəstələrə ən müasir avadanlıqların köməyi ilə sağlamlıqlarının tam bərpası üçün yüksək səviyyədə tibbi xidmət göstəriləcək.

“Ürək Mərkəzi”ndə xəstələrin qəbulu və müalicəsini yüksəkixtisaslı həkim-mütəxəssislər aparacaqlar. Həmin tibb müəssisəsinin həkim-kardioloqları əhaliyə ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk amillərinin aradan qaldırılması və profilaktikasında, uzunmüddətli müşahidə aparılmasında və hərtərəfli müalicəsində yardımçı olacaqlar.

 

Mərkəzə daha çox qalıcı həkimlər dəvət olunacaq. Hətta xaricdən dəvət olunacaq mütəxəsislər belə burada daimi qalacaqlar. Mütəxəssislər arasında yerli və ya xarici bölümü olmayacaq. Əsas olan tibbi bilik səviyyəsinin standartlara uyğun olmasıdır.

Qiymətlər əməliyyatın növünə görə 6000-9000 manat arasında dəyişir

Mərkəzdə həyata keçirilən əməliyyatların qiymətlərinə gəlincə, bununla bağlı mövcud praktika öyrənilib. Qiymətlər əməliyyatın növünə görə 6000-9000 manat arasında dəyişir. Palataların günlük qiymətinə gəlincə, hələlik əməliyyat olmadığına görə dəqiq qiymət müəyyənləşməyib. Mərkəzdə həmçinin VİP palata da mövcuddur.

Mərkəzin həkimi bildirir ki, bütün dünyada həyat tempinin artması, davamlı stress, siqaret çəkmək, pəhrizin pozulması, oturaq həyat tərzi ürək-damar xəstəliklərinin sayının artmasına zəmin yaradır: “Yaşından asılı olmayaraq, hər bir insan iki ildən bir kardioloji müayinədən keçməlidir”.

Beləliklə, sinəmizin sol tərəfində yerləşən, döş qəfəsimizin mühafizə etdiyi ürəyi özümüz də qorumalıyıq. Çünki xəstə ürək orqanizmimizlə birgə həyat fəaliyyətimizi də dəyişir.

30/03/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..