Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmologiyanın inkişafı istiqamətində mühüm addımlar atılır

Bakı, 8 avqust, Günel Məlikova, AZƏRTAC

“Göz qəlbin aynasıdı”,-deyirlər. Insanın gözünə baxanda onun xasiyyəti, əhvali-ruhiyyəsi, həyat tərzi haqqında çox şey demək olar. Həyati əhəmiyyətli vacib orqan olan göz dünyanı bizə, bizi dünyaya tanıdır, sevdirir. Görmə qabiliyyətinin pozulması və ya itirilməsi həyat fəaliyyətində yaranan problemlə yanaşı, həm də ətraf mühitdən təcrid olunmağa, onun gözəlliklərindən uzaq düşməyə səbəb olur. Görmə orqanı ilə bağlı hansısa narahatlıq yarananda isə biz ilk növbədə şəfalı əlləri ilə gözlərə nur paylayan həkim-oftalmoloqlara üz tuturuq. Onlar həyatımızda əvəzsiz rolu olan, göz müayinəsi, müalicəsi və profilaktikası ilə məşğul olan xeyirxah peşə sahibləridir.

Ölkəmizin ən böyük göz xəstəxanası akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vaxtilə ölkəmizdə geniş yayılmış traxomanın öyrənilməsi sahəsində çox böyük rol olub. Zərifə xanım Əliyeva kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında da böyük əməyi olub.

 

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətləri davam etdirən mərkəz hazırda dünya standartlarına cavab verən elm müəssisəsinə çevrilib. Mərkəz ən müasir tibbi avadanlıqları ilə təchiz olunub və burada ən mürəkkəb əməliyyatlar aparılır.

Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova Beynəlxalq Oftalmologiya Günü münasibətilə həmkarlarını təbrik edərək deyib: “8 avqust oftalmoloqlar üçün çox əhəmiyyətli bir gündür. Həkimlərimiz hər il müxtəlif ölkələrdə keçirilən oftalmologiya konqresləri, konfrans və simpoziumlarda fəal iştirak edir, dünya oftalmologiyasında baş verən bütün yeniliklərin ölkəmizdə də tətbiq edilməsinə çalışırıq.

 

Mərkəzin həkimləri hər gün pasiyentlərlə görüşür, onları müayinə və müalicəsi ilə məşğul olurlar. Ölkəmizdə oftalmoloji problemləri olan xəstələr hədsiz dərəcədə çoxdur. Xüsusilə uşaqlarda müasir cihazların təsirindən göz patologiyaları artır. Bundan başqa yaşlı nəsil arasında maddələr mübadiləsinin dəyişməsi nəticəsində yaranan katarakta və qlaukoma kimi xəstəliklər əmələ gəlir. Şəkərli diabetdən əziyyət çəkənlərdə göz dibi patologiyaları meydana çıxır. Gənc nəsil arasında isə daha çox müasir cihazlar, eləcə də kompüterlərdən istifadə nəticəsində yaranan görmə zəifliyi ilə əlaqədar xəstəliklər çoxalır. Həkimlərimiz onlara müraciət edən bütün xəstələrə ən yüksək səviyyədə xidmət göstərir, onlara diqqət və qayğı ilə yanaşır, müayinə və müalicələrinin düzgün aparılmasına çalışırlar”.

On ildən çoxdur ki, dünya standartlarına uyğun oftalmoloji müəssisəyə Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov rəhbərlik edir. Beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.

 

Mərkəzdə konsultativ poliklinika, qlaukoma, katarakta cərrahiyyəsi, buynuz qişanın cərrahiyyəsi və transplantasiyası, eksimer-lazer, gözün yoluxucu xəstəlikləri, tor qişanın və görmə sinirinin patologiyası, şəkərli diabetin göz fəsadları, gözün vitreoretinal cərrahiyyəsi, lazer cərrahiyyəsi, gözün zədəsi, okuloplastik və rekonstruktiv cərrahiyyə, onko-oftalmoloji, cərrahiyyə-əməliyyat bloku, şüa-diaqnostikası, gözün tibbi ekspertizası şöbələri fəaliyyət göstərir. Bundan əlavə ölkəmizdə yalnız akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərən uşaqlarda gözün patologiyası şöbəsi də yaradılıb. Şöbədə uşaqların müayinəsi və müalicəsi üçün hər bir şərait yaradılıb.

Eksimer-lazer şöbəsində miopiya, hipermetropiya və astiqmatizm kimi refraktiv qüsurların, keratokonus xəstəliyinin diaqnostikası və müalicəsi ən müasir diaqnostik və cərrahi avadanlıqlarla aparılır.

Beynəlxalq standartlara cavab verən Amerika, Yaponiya, Almaniya istehsalı cərrahi avadanlıqlarla təchiz olunmuş tibb müəssisəsinin bütün şöbələrində xəstələrin, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin gözlərində yaranan problemlərin erkən və dəqiq diaqnostikası, lazer və cərrahi müalicəsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. “Cərrahi əməliyyat bloku”nda isə yüksək ixtisaslı, təcrübəli oftalmoloji və anestezioloji mütəxəssis heyəti gözün istənilən patologiyasının cərrahi müalicəsini həyata keçirir.

 

Mərkəzə hər gün böyüklər və uşaqlar olmaqla müxtəlif patologiyalarla bağlı təxminən 500-ə yaxın xəstə müraciət edir. Həftə ərzində 150-dən çox xəstə üzərində əməliyyatlar aparılır. Cərrahi müdaxilələrin əksəriyyətini katarakta diaqnozu təşkil edir. Mərkəzin Gəncə və Masallı filiallarında da yüksək ixtisaslı həkim-oftalmoloqlar fəaliyyət göstərir, müxtəlif cərrahi müdaxilələr edilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən, müasir diaqnostik və cərrahi avadanlıqla tam təchiz edilmiş Səyyar Klinika hər ay ölkəmizin bir bölgəsinə ezam edilərək rayonda əhali arasında baxış keçirir, lazimi cərrahi əməliyyatlar icra edir. İki hissədən ibarət Səyyar Klinikada müayinə, diaqnostika bölümü və cərrahi blok fəaliyyət göstərir. Bir ezamiyyət müddətində təxminən 300-400 xəstəyə baxış keçirilir, 20-30 cərrahi müdaxilə edilir. Bundan əlavə Səyyar Klinika paytaxtın rayonlarına, eləcə də uşaq evləri və qaçqınlar düşərgəsinə səfər edərək sakinlərə oftalmoloji xidmət göstərir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi müasir tələblərə cavab verən tibb müəssisəsi olmaqla yanaşı həm də yüksək ixtisaslı gənc oftalmoloqların hazırlanması və oftalmologiya elminin inkişaf etdirilməsi sahəsində uğurla fəaliyyət göstərən elm və şəfa ocağı kimi də uğurlu addımlar atır.

8/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..