Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Görülən işlər Prezidentimizin vətəndaşlara diqqət və qayğısının əyani göstəricisidir

Tarixboyu dövlətləri, xalqları çətin və mürəkkəb vəziyyətlərdən liderlərinin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, qəbul etdiyi vacib qərarlar sayəsində ölkəmiz bütün dünya dövlətlərinin kabusuna çevrilən koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə stabilliyi qoruyub saxlaya bilib. Dövlətin məqsədi də məhz bu idi - bu bəladan mümkün qədər az itkilərlə və az zərərlə çıxmaq. Azərbaycan öz müdrik lideri ilə bu məqsədə nail ola bildi.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin baş terapevti, Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Yaqub Qurbanov söyləyib.

 

Azərbaycan Prezidentinin hər zaman olduğu kimi, bu çətin dönəmdə də xalqının yanında olduğunu, vətəndaşının taleyi ilə maraqlandığını diqqətə çatdıran Y.Qurbanov deyib: “Ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq Tədbirlər Planı təsdiqlənib, insanların məşğulluğunun artırılması və sosial rifahının yüksəldilməsi üçün böyük məbləğdə vəsait ayrılıb. Tədbirlər Planı çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunmasına nəzarət edilir. Eyni zamanda, işsiz insanlar qeydiyyata alınaraq onlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilir. Aprel və may ayları üçün nəzərdə tutulan bu dəstək proqramı ilkin mərhələdə 200 min nəfəri əhatə edirdisə, ikinci mərhələdə bu yardımdan Azərbaycan Prezidentinin qərarı ilə 600 min insan faydalanacaq. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində daim islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Xəstəliklə əlaqədar olaraq bütün dünyada vəziyyət gərgindir. Məsələyə həssas yanaşmaq lazımdır. Dövlətimiz vətəndaşı, onun sağlamlığı və rifahı üçün mümkün olan hər şeyi edir”.

 

Daha ətraflı aşağıdakı linkdə:

 

https://azertag.az/xeber

27/04/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->