Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Narkoloji xidmət və nəzarət barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

Narkoloji xidmət və nəzarət barədə qanunvericilik aktlarına dair

BƏLƏDÇİ QAYDALAR

 

29 iyun 2001-ci il tarixdə “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Qanuna uyğun olaraq narkoloji xidmətin və nəzarətin əsas istiqamətlərini narkoloji yardım, sosial, inzibati və xəbərdaredici tədbirlər təşkil edir. Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada insan psixikasına təsir göstərən maddələr, bu maddələrdən istifadə edilməsinin ailə və cəmiyyət üçün doğurduğu nəticələr barəsində ətraflı məlumat almaq hüququ vardır. Narkoloji xəstələrə onların maddi vəziyyətindən asılı olmayaraq narkoloji yardımın göstərilməsinə, habelə bu şəxslərin sağlamlığı üzərində ixtisaslaşdırılmış tibbi nəzarətin həyata keçirilməsinə dövlət tərəfindən təminat verilir. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstələrin müalicəsi bir qayda olaraq könüllülük əsasında həyata keçirilir. 18 yaşına çatmamış şəxs narkoloji tibb müəssisəsinə valideynlərinin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yerləşdirilir. Narkoloji xəstələrin məcburi müalicəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yalnız məhkəmənin hökmü əsasında yol verilir. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir.

17 sentyabr 2001-ci il tarixdə “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş narkoloji xəstəliklərin siyahısının, peşə növlərinin və vəzifələrin siyahısının və məhdudiyyətin müddətinin, tibbi yoxlamanın aparılması qaydasının, insan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi qaydasının, detoksifikasiyanın keçirilməsi qaydasının, xüsusi müşahidənin aparılması qaydasının, narkoloji yardım sahəsində fəaliyyət göstərmək üçün xüsusi razılığın verilməsi qaydasının, narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydasının, dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarının, narkoloji xəstələrin qeydiyyatının aparılması qaydasını və onların qeydiyyatda olma müddətinin, müayinədən keçmə qaydasının müəyyən edilməsi, fondun əsasnaməsinin təsdiq edilməsi və bunlar barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi, narkoloji xidmət sahəsində sosial tədbirlər haqqında və narkoloji xəstəliklərin profilaktikası üzrə vahid dövlət proqramlarının hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 nömrəli 31 iyul 2002-ci il tarixli Qərarı ilə “İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydası”, 130 nömrəli 12 avqust 2002-ci il tarixli Qərarı ilə “İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydası”, 131 nömrəli 12 avqust 2002-ci il tarixli Qərarı ilə “Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydası”, 132 nömrəli 12 avqust 2002-ci il tarixli Qərarı ilə “Narkoloji tibb müəssisələrində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi Qaydası”, 136 nömrəli 19 avqust 2002-ci il tarixli Qərarı ilə “Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydası”, 145 nömrəli 12 sentyabr 2002-ci il tarixli Qərarı ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”, 163 nömrəli 24 oktyabr 2002-ci il tarixli Qərarı ilə “Narkoloji xəstəliklərin Siyahısı”, 186 nömrəli 26 noyabr 2002-ci il tarixli Qərarı ilə “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”, 18 nömrəli 8 fevral 2003-cü il tarixli Qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası” və 180 nömrəli 10 avqust 2012-ci il tarixli Qərarı ilə “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..