Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Psixiatriya yardımı barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

Psixiatriya yardımı barədə qanunvericilik aktlarına dair

BƏLƏDÇİ QAYDALAR

 

12 iyun 2001-ci tarixdə “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasının ərazisində psixiatriya yardımı alan, habelə psixiatriya yardımı göstərən hüquqi və fiziki şəxslərə şamil olunur. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixiatriya yardımı üzrə bu Qanunda Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edirlər.

Psixi pozuntusu olan şəxslər ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və humanist münasibət bəslənilməsi, dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə pulsuz psixiatriya yardımı almaq, öz hüquqları barədə, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq, psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılmaq, tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq, təxirəsalınmaz psixiatriya yardımı göstərilməsi, habelə məcburi və qeyri-könüllü hospitallaşdırma halları istisna olmaqla, psixiatriya yardımı göstərmək hüququ olan hər hansı mütəxəssisi (onun razılığı ilə) və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni nümayəndələrin və ya digər şəxslərin köməyindən istifadə etmək hüquqlarına malikdirlər. Şəxsin tibbi vasitə və üsulların sınaqdan keçirilməsinə, elmi-tədqiqat işlərinə, yaxud tədris prosesi, foto-video və kino çəkilişləri obyektləri kimi istifadəyə cəlb olunması yalnız onun özünün və ya qanuni nümayəndəsinin razılığı əsasında mümkündür və həmin şəxs istənilən vaxt bundan imtina edə bilər.

Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Şəxsin özünə və (və ya) ətrafdakılara qarşı təcavüzkar hərəkət etdiyi aşkar olunarsa, həkim-psixiatr, o cümlədən təcili yardım müəssisəsinin həkimi şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı (xahişi) olmadan psixiatriya müayinəsi haqqında qərarı dərhal qəbul edir və qərar tibbi sənədə yazılmaqla rəsmiləşdirilir.

Psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və onun bu Qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək, ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək, qanuni nümayəndəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), vəkil və din xadimi ilə təklikdə görüşmək, ümumtəhsil məktəbinin proqramı, yaxud sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram üzrə təhsil almaq hüquqları var.

Pasiyentin, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə həkim-psixiatrın tövsiyəsi əsasında psixiatriya müəssisəsinin müdiriyyəti tərəfindən pasiyentin nəzarətsiz məktublaşmaq, bağlama, banderol və pul baratları almaq və göndərmək, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək, telefondan və digər rabitə vasitələrindən istifadə etmək, yaxınları ilə görüşmək hüquqları məhdudlaşdırıla bilər.

Şəxs psixiatriya stasionarında olduğu bütün dövr ərzində əmək qabiliyyəti olmayan sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müavinət, yaxud ümumi əsaslarla pensiya almaq hüququna malikdir.

Psixiatriya yardımını dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən özəl psixiatriya (psixonevroloji) müəssisələri, həmçinin ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri və özəl tibbi praktika ilə məşğul olan həkim-psixiatrlar göstərirlər.

Ali tibbi təhsili və müvafiq diplomu olan və qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisaslarını təsdiq etmiş həkim-psixiatrlar psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

İlkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri yalnız bu müəssisələrdə müalicəsinə icazə verilən xəstəlikləri (psixi pozuntuları) müalicə edə bilərlər.

3 sentyabr 2001-ci il tarixdə “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyətin məhdudlasdırılması tələb olunan peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısının təsdiq edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 nömrəli 15 fevral 2003-cü il tarixli Qərarı ilə “Fəaliyyətin məhdudlasdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..