Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

Qanın, qan komponentlərinin donorluğu və qan xidməti barədə qanunvericilik aktlarına dair

BƏLƏDÇİ QAYDALAR

 

3 may 2005-ci il tarixdə “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun qanın, qan komponentlərinin donorluğunun inkişafı ilə əlaqədar münasibətləri tənzimləyir, qan xidmətinin təşkilinin əsaslarını müəyyən edir.

Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş qaydada qan xidməti müəssisələrində (qan banklarında) tibbi müayinədən keçən, qanın, qan komponentlərinin donorluğuna heç bir əks-göstərişləri olmayan, 18-65 yaşlı fəaliyyət qabiliyyətli hər bir şəxs qanın, qan komponentlərinin donoru ola bilər. Yaşı 65-dən yuxarı olan şəxslər də həkim rəyi əsasında donor ola bilərlər. Donordan qanın və ya qan komponentlərinin götürülməsinə donorun sağlamlığına heç bir zərər yetirilmədiyi halda yol verilir. Qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu ola bilər.

Donorun tibbi müayinədən keçdiyi, qan və ya qan komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq, pullu donorluq zamanı verdiyi qan və qan komponentləri üçün haqq almaq, donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq, sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq hüquqları vardır. Donor olmaq istəyən şəxs keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməlidir.

Qan xidməti müəssisələrinin (qan banklarının) işçiləri donor barədə bütün məlumatların məxfiliyinə əməl etməlidirlər və yalnız öz peşə fəaliyyəti dairəsində onlardan zəruri olan həddə istifadə edə bilərlər.

Donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün, mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar. Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunurlar. Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunurlar. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən işləyən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

18 iyul 2005-ci il tarixdə “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qanın, qan komponentlərinin pullu donorluğunun qaydasının və şərtlərinin, qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi qaydasının, donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydasının, qan xidməti müəssisələrində (qan banklarında) qanın, qan komponentlərinin preparatlarının və konservləşdirici məhlulların yoxlanması qaydasının, qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin siyahısının və bu göstəricilərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydasının, qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması qaydalarının və təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili qaydasının müəyyən edilməsi, donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin siyahısının və qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) siyahısının təsdiq edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 nömrəli 28 yanvar 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası” və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”, 34 nömrəli 6 fevral 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin Siyahısı” və “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların təhlükəsizlik və keyfiyyət göstəricilərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”, 43 nömrəli 13 fevral 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan komponentlərinin pullu donorluğunun Qaydası və Şərtləri”, 50 nömrəli 16 fevral 2006-cı il tarixli Qərarı ilə “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”, 61 nömrəli 6 mart 2006-cı il tarixli Qərarı ilə “Donorluq funksiyasını məhdudlaşdıran xəstəliklərin Siyahısı” və “Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi Qaydası”, 92 nömrəli 31 mart 2006-cı il tarixli Qərarı ilə “Qan xidməti müəssisələrində (qan banklarında) qanın, qan komponentlərinin preparatlarının və konservləşdirici məhlulların yoxlanması Qaydası” və 113 nömrəli 22 aprel 2006-cı il tarixli Qərarı ilə “Qanın, qan komponentlərinin və onlardan hazırlanan preparatların xarici təşkilatlarla mübadilə edilməsi və təcili humanitar yardım göstərilməsi üçün Azərbaycan Respublikasından kənara aparılması Qaydaları” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 nömrəli 12 yanvar 2011-ci il tarixli əmri ilə “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..