«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
Azərbaycan Respublikasinin Nazirlər Kabineti
Qərar № 106 / 10.07.2009-cu il
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.6-cı və 1.8-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
1. «Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması Qaydası» və «Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmişdir
Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması
Q A Y D A S I
Bu Qayda «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması qaydasını müəyyən edir.
2.1. Səfərbərlik və dövlət ehtiyatları üçün tədarük olunan (yığılan) məhsullar keyfiyyətinə, tarasına, qablaşdırılmasına görə standartlara, texniki şərtlərə və uzunmüddətli saxlama ilə bağlı əlavə tələblərə cavab verməlidir.
2.2. Tədarükçü dövlət və səfərbərlik ehtiyatı üçün məhsul tədarükü (yığımı) müddətini və ya digər razılaşdırılmış şərtləri pozduqda, mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyır.
2.3. Məsul saxlama məntəqələrinin rəhbərləri ehtiyata qəbul edilmiş maddi dəyərlərin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada təsdiq olunan təlimat və qaydalara əsasən lazımi səviyyədə və tam həcmdə saxlanmasına cavabdehdirlər.
3.1. Səfərbərlik və dövlət ehtiyatı materiallarının özbaşına istifadəsinə, ehtiyata keyfiyyətsiz xammal və materialların qəbul edilməsinə, habelə dövlət və səfərbərlik ehtiyatı materiallarının itkisinə və ya korlanmasında təqsirkar olan məsul saxlama məntəqələrinin vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
3.2. Səfərbərlik və dövlət ehtiyatının saxlanılması dövründə məsul saxlama məntəqələrində əmələ gəlmiş təbii itki hüdudlarında əskikgəlmələr və itkilər dövlət büdcəsi vəsaiti hesabına ehtiyata bərpa edilir.
3.3. Qəbul vaxtı müəyyənləşdirilmiş qaydada yararsız hesab olunan maddi sərvətlər tədarük üzrə öhdəliklərin yerinə yetirilməsində hesaba alınmır və tədarükçüyə qaytarılır.
3.4. Ehtiyatların saxlanılma müddətləri və şərtləri aidiyyəti nazirlik və təşkilatlarla razılaşdırılmaqla, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş təlimat və qaydalarla müəyyən edilir. Bu təlimat və qaydalarda nəzərdə tutulmuş saxlanılma müddətləri maddi sərvətlərin ayrı-ayrı partiyaları üzrə onların keyfiyyətindən, taranın və qablaşdırmanın vəziyyətindən asılı olaraq, müvafiq mütəxəssislərin rəyi əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə azaldılır və ya artırılır.
4.1. Səfərbərlik və dövlət ehtiyatları maddi sərvətlərinin hesabatı və uçotu məsul saxlama məntəqələrində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırmaqla müəyyən etdiyi qayda və formalar üzrə aparılır.
Müəssisələr ildə ən azı bir dəfə sistemli şəkildə səfərbərlik və dövlət ehtiyatları maddi dəyərlərinin kəmiyyət və keyfiyyətini, saxlanma şəraitini, habelə onların məqsədli təyinata uyğun olmasını yoxlamalı, üzə çıxan çatışmazlıqları aradan qaldırmalı və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verməlidirlər.
Səfərbərlik və dövlət ehtiyatında saxlanan materialların keyfiyyətinin pisləşməsinin və ya xarab olmasının qarşısını almaq məqsədi ilə müəssisələr həmin malların müəyyən olunmuş saxlanma müddətinə uyğun təzələnməsini təmin etməlidirlər. Təzə qoyulan mal əvvəlki ilə eyni və ya daha yaxşı növdə (keyfiyyətdə) olmalıdır. Təzələnmə vaxtı materialların götürülməsi ilə yenisinin qoyulması arasında vaxt fərqi olmamalıdır.
4.2. Məsul saxlama məntəqələrində səfərbərlik və dövlət ehtiyatlarının uçotu cari təyinatlı ehtiyatların uçotundan ayrılıqda aparılır.
4.3. Ehtiyatların maddi sərvətlər üzrə idarə hesabatlarının həcmi və forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilir.
5.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində səfərbərlik və dövlət ehtiyatlarının yaradılması, yığımı, saxlanılması, hesabatı və uçotu üzrə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
5.2. Məsul saxlama məntəqələri səfərbərlik və dövlət ehtiyatlarında maddi sərvətlərin uçot və hesabatında yol verilmiş nöqsanlara görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmişdir
Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması
Q A Y D A L A R I
Bu Qaydalar «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.8-ci bəndinin icrası ilə əlaqədar olaraq hazırlanmış və maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması qaydalarını müəyyən edir.
2.1. Səfərbərlik və dövlət ehtiyatları ölkə iqtisadiyyatının sabit fəaliyyətinin təmin edilməsi, müdafiə və səfərbərlik ehtiyaclarının ödənilməsi və fövqəladə hallarda istifadə olunması üçün nəzərdə tutulmuş maddi sərvətlərin xüsusi fondudur.
2.2. Səfərbərlik və dövlət ehtiyatları dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu Qaydalara uyğun olaraq yaradılır.
2.3. Səfərbərlik və dövlət ehtiyatlarının saxlanılması və onlara xidmət göstərilməsi üçün yaradılmış müəssisə və təşkilatlar Azərbaycan Respublikasının dövlət material ehtiyatlarının vahid sistemini təşkil edir.
2.4. Səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi və nomenklaturu Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti orqanların iştirakı ilə hazırlanır.
2.5. Səfərbərlik və dövlət ehtiyatlarının həcmi və nomenklaturu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi, nomenklaturu və istifadə qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
3.1. Səfərbərlik və dövlət ehtiyatlarının yığılması bu məqsədlər üçün ayrılan dövlət büdcə vəsaiti hesabına maliyyələşdirilir. Səfərbərlik və dövlət ehtiyatlarının vaxtaşırı yeniləşdirilməsi və təxsis olunması zamanı əldə edilən vəsaitlər dövlət büdcəsinə köçürülür.
3.2. Səfərbərlik və dövlət ehtiyatlarının müvafiq qurumlarda saxlanılması və digər xidmətlərin göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
3.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Fövqəladə Hallar Nazirliyi) səfərbərlik və dövlət ehtiyatlarının dövlət sifarişçisi hesab olunur və ehtiyatların yığılması onun tərəfindən həyata keçirilir.
3.4. Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti ilə büdcə proqnozu hazırlanarkən səfərbərlik və dövlət ehtiyatları üzrə xərclərin ödənilməsinə dair təkliflər qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
3.5. Səfərbərlik və dövlət ehtiyatlarına maddi sərvətlərin yığılması (tədarükü) və bu sahədə hesablaşmalar Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
3.6. Səfərbərlik və dövlət ehtiyatlarına maddi sərvətlərin tədarükü ilə bağlı xərclərdən başqa nəqliyyat, tara və qablaşdırma xərcləri (əgər onların dəyəri maddi sərvətlərin qiymətinə daxil edilməmişdirsə), maddi sərvətlərin ehtiyata tədarükü, təzələnməsi və satışı xidmətləri, onların müəssisə və təşkilatlarda saxlanılması xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcə vəsaitləri hesabına ödənilir.
4.1. Səfərbərlik və dövlət ehtiyatlarının saxlanılması xüsusi təyin edilmiş müəssisə, idarə və təşkilatlarda, habelə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan müəssisələrdə məhsulun saxlanılması texnologiyasına uyğun olaraq həyata keçirilir.
4.2. Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsi müqavilələr vasitəsilə həyata keçirilir.
4.3. Maddi sərvətlərin vaxtında təzələnməsi və tapşırığa əsasən buraxılması səfərbərlik və dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirən qurum tərəfindən təmin edilir.
4.4. Səfərbərlik və dövlət ehtiyatları, habelə ərzaq və neft məhsulları zəruri hallarda müəssisə tabeliyində olan bir məntəqədən digər məntəqəyə həmin məhsulları saxlayan müəssisə ilə razılaşdırılmaqla Fövqəladə Hallar Nazirliyinin sərəncamı ilə dəyişdirilə bilər.
4.5. Səfərbərlik və dövlət ehtiyatlarının (o cümlədən ərzaq və neft məhsullarının) məsul saxlama məntəqələrində təbii itki hüdudlarında əmələ gəlmiş əskikgəlmələr və itkilər qanunvericiliklə müəyyən olunmuş qaydada silinir və dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına bərpa edilir.
4.6. Səfərbərlik və dövlət ehtiyatları üzrə digər əskikgəlmələrin və itkilərin (təbii itki normalarından artıq əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə, onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən edildiyi vaxtın bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına bərpa edilir. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin Fövqəladə Hallar Nazirliyi tərəfindən təqsirkar sayılan şəxslərdən tutulması məhkəmə tərəfindən rədd edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə, həmin məbləğlər müvafiq qaydada silinir.
4.7. Səfərbərlik və dövlət ehtiyatlarını saxlayan cavabdeh qurumlarda maddi sərvətlərin kəmiyyəti, keyfiyyəti və saxlama şəraiti Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq yoxlanılır.
4.8. Səfərbərlik və dövlət ehtiyatlarının respublikanın regionları üzrə yerləşdirilməsi zərurəti və digər zəruri hallar yarandıqda, ehtiyatlar qarşılıqlı müqavilə əsasında başqa müəssisələrdə də saxlanıla bilər.
5.1. Səfərbərlik və dövlət ehtiyatlarının təzələnməsi aşağıdakı hallarda həyata keçirilir:
- maddi sərvətlərin saxlama müddəti başa çatdıqda;
- məhsulun xarab olma təhlükəsi yarandıqda;
- maddi sərvətlər müasir texnoloji tələblərə cavab vermədikdə və mənəvi köhnəldikdə.
5.2 Səfərbərlik və dövlət ehtiyatlarının saxlanılma müddətinin 1/3 hissəsi qaldıqda, Fövqəladə Hallar Nazirliyinin sərəncamı ilə ehtiyatdan buraxılır və təzələnir.
5.3. Saxlanılma müddəti başa çatmaqda olan maddi sərvətlər hərrac və digər üsullardan istifadə edilməklə müəyyən olunmuş qaydada təzələnir.
5.4. Müstəsna hallarda (təbii fəlakət və fövqəladə vəziyyətlərdə) səfərbərlik və dövlət ehtiyatlarında saxlanılan maddi sərvətlərin istifadəyə yararsız və tam xarab olması halları baş verdikdə, bu Qaydaların 4.5-ci bəndindəki şərtlər gözlənilməklə, onların zərərsizləşdirilməsi və məhv edilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir, ehtiyatdan silinir və təzələnir.
6.1. Səfərbərlik və dövlət ehtiyatları «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunur.
6.2. Sonrakı dövrlərdə saxlanılması məqsədəmüvafiq olmadıqda səfərbərlik və dövlət ehtiyatlarının ehtiyatdan çıxarılması Fövqəladə Hallar Nazirliyinin aidiyyəti icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə aşağıdakı hallarda həyata keçirilir:
- humanitar yardım göstərilməsində;
- fövqəladə hallarda;
- digər zəruri hallarda.
6.3. Saxlanılma müddəti ərzində maddi sərvətlərin qiyməti dəyişərsə, həmin məhsulların səfərbərlik və dövlət ehtiyatlarından buraxılması zamanı malların qiyməti həmin gün üçün bazar qiymətləri ilə müəyyən edilir və dəyən ziyan büdcə vəsaiti hesabına bərpa olunur və ya əlavə olaraq əldə olunan vəsait dövlət büdcəsinə qaytarılır.
7.1. Səfərbərlik və dövlət ehtiyatlarının mövcudluğu və hərəkəti haqqında hesabat və onların uçotu «Azərbaycan Respublikasının mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu, «Azərbaycan Respublikasının Dövlət Material Ehtiyatları haqqında Əsasnamə», «Azərbaycan Respublikasının Dövlət Səfərbərlik Ehtiyatları haqqında Əsasnamə», «Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları» və digər normativ hüquqi aktlarla tənzimlənir.
7.2. Səfərbərlik və dövlət ehtiyatlarının yığılması, məhsulların mövcudluğu və hərəkəti haqqında hesabat, onların uçotu, səfərbərlik və dövlət ehtiyatı ilə məşğul olan orqanlar arasında məlumat mübadiləsi «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
7.3. Səfərbərlik və dövlət ehtiyatlarının məsul saxlanılma məntəqəsində inventarlaşdırılması qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə aparılır.
7.4. Səfərbərlik və dövlət ehtiyatları üzrə hesabatların sayı və forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə razılaşdırılmaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilir.
7.5. Səfərbərlik və dövlət ehtiyatlarını saxlayan cavabdeh qurumlar maddi sərvətlər barədə qanunvericilikdə nəzərdə tutulmuş illik statistik hesabat hazırlayır və növbəti ilin yanvar ayının 20-dən gec olmayaraq Fövqəladə Hallar Nazirliyinə təqdim edirlər.
7.6. Səfərbərlik və dövlət ehtiyatlarının hərəkəti və mövcudluğunun icmal uçotu Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır.
7.7. «Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları»na uyğun olaraq maliyyə hesabatları hazırlanıb təqdim edilir.
Səfərbərlik və dövlət ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması üzrə məsuliyyət mövcud qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.