Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Türk Dünyası Transplantoloqlar Dərnəyi Konqresində memorandum imzalanıb

Məlum olduğu kimi, 1-3 iyun 2016-cı il tarixində Bakıda, Türk Dünyası Transplantoloqlar Dərnəyi (TDTD) və Türkiyə Transplantoloji Dərnəyinin (TTD) birgə ikinci konqresi keçirilmişdir.

 

Konqresin işində ABŞ, Avstraliya, Kanada, İngiltərə, İordaniya, Livan, İran, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxstan, Özbəkstan, Azərbaycan da daxil olmaqla 21 ölkədən 482 nəfər nümayəndə iştirak edirdi. Konqresin təşkili dünya şöhrətli transplantoloq, Başkent Universitetinin qurucusu və rəhbəri, TDTD və TTD-in Prezidenti, professor Mehmet Haberalın rəhbərliyi və TDTD-in Azərbaycan üzrə rəsmi təmsilçiləri M.Cavad-zadə ad. Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, tibb elmləri namizədi Fariz Babayev və "Medservis" tibb mərkəzinin direktoru Hikmət İsmaylovun iştirakı ilə həyata keçirilmişdir.

 

Açılış günü professor Mehmet bəy Haberal başda olmaqla qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoydular. Həmçinin görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın ,dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da yad edildi. Sonra qonaqlar Şəhidlər Xiyabanını və Türk Əsgəri abidəsini ziyarət etdilər.

 

Konqresdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Məclisin səhiyyə komitəsinin üzvü M.Quliyev, MM -nın deputatları,Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini, Türkiyənin Azərbaycandakı səfirinin müavini və digər rəsmi qonaqlar çıxış etdilər .Üç gün ərzində dünyanın ən tanınmış transplantoloji mərkəzlərinin rəhbərləri və aparıcı mütəxəssisləri, Dünya Transplantoloji Cəmiyyətinin hazırkı sədri professor F.O Conelli və digərləri maraqlı məruzələrlə çıxış etdilər. Konfransın ikinci günü professor Mehmet Haberalın Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanovla görüşü keçirildi.

 

Görüşdə Azərbaycanda transplantologiyanın müasir səviyyədə inkişaf perspektivləri , bu sahədə sosial hüquqi bazanın yaradılması, kadr hazırlanması və birgə əməkdaşlıq haqqında geniş müzakirə aparıldı. Həmçinin Başkent Universitetinin rektoru professor Ali Haberal ilə Azərbaycan Tibb Universitetinin rektoru professor Geray Geraybəyli və institutun rəhbərliyi arasında keçirilən görüşdə tələbə və müəllim mübadiləsi barədə ikitərəfli memorandum imzalandı.

Konqresin son günü TTD və TDTD -in növbəti yığıncağının 2017 -ci ildə Ankarada keçirilməsi haqqında qərar qəbul olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/06/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013