Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-də Əməkdaşlıq Sazişi imzalandı

22 iyun 2016-cı il tarixdə İSİM-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında Əməkdaşlıq Sazişi imzalandı. Hər iki qurumun rəhbərliyinin imza atdığı Sazişin məqsədi 5 il müddətinə ölkə əhalisinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində qarşılıqlı əməkdaşlıq cəhdlərini dəstəkləmək və bu əməkdaşlığı inkişaf etdirməkdir.

 

Saziş çərçivəsində gənclər arasında erkən nikahların və zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması, sağlam həyat tərzi və sağlam qidalanma və s. kimi mövzularda tibbi maarifləndirmə tədbirləri (mühazirələr, təlimlər, dəyirmi masalar və s.) təşkil olunacaq. Bütün bu tədbirlər Bilik Fondu tərəfindən yaradılmış bilik evlərində, şəhər və rayon təhsil müəssisələrində, digər idarə və təşkilatlarda həyata keçiriləcək və media vasitəsilə əhaliyə çatdırılacaq.

 

İSİM-in əhalinin müxtəlif təbəqələri arasında daimi olaraq maarifləndirmə apardığını bildirən direktor Ceyhun Məmmədov, bu işi çox vacib saydığını və iki qurum arasında yaradılan əməkdaşlıqdan məmnun olduğunu, Saziş nəticəsində həyata keçiriləcək maarifləndirmə işinin daha da səmərəli olacağına əminliyini vurğuladı.

 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iki tərəfli əməkdaşlığın təməlinin qoyulmasına görə İSİM-in rəhbərliyinə təşəkkür etdi, bu işbirliyi nəticəsində əhalinin tibbi maarifləndirilməsində olan boşluqları aradan qaldırmağa nail olunacağına ümidvar olduğunu bildirdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22/06/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013