RMDM-ə növbəti cərrahi əməliyyat uğurla nəticələnib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM-ə növbəti cərrahi əməliyyat uğurla nəticələnib

Kraniosinostoz nadir hallarda rast gəlinən ana bətnində inkişaf edən patologiyadır.

 

1-2 yaşlı körpələrin kəllə sümükləri arasında tikişlər olmalıdır. Bu tikişlərin açıq qalmaları kəllənin düzgün böyüməsi üçün olduqca vacibdir. Tikişlərin erkən qapanmasına kraniosinostoz deyilir. Adətən (80% hallarda), saqital tikişin qapanması müşahidə edilir. Daha nadir hallarda digər tikişlərin və hətta bir neçə tikişin qapanması (oksisefaliya) ola bilər. Bir tikişin qapanması kəllədaxili təzyiqin artma ehtimalını 15% artırır. Əməliyyatın məqsədi kəllənin düzgün böyüməsinə şərait yaradılması, kəllədaxili təzyiqin və onun fəsadlarının profilaktikası və müalicəsidir.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) daxil olan 5 aylıq körpədə saqital, koronal və skvamoz tikişlərin bilateral qapanması nəticəsində kəllənin anormal böyüməsi (dolixosefaliya) izlənilib.

 

Neyrocərrah Azər Əkbərov tərəfindən aparılmış əməliyyatda qapanmış koronal və saqital tikişlərin xaric edilməsi, bilateral frontal və spiral osteotomiyalar icra edildi, kəllənin normal böyüməsi üçün şərait yaradıldı. Əməliyyatdan sonrakı kontrol tomoqrafiyada körpənin kəlləsində kafi korreksiya müşahidə edildi.

 

Belə böyük əməliyyatların ən vacib məqamlarından biri qanitirmədir. Azyaşlılar qan itkisinə olduqca həssasdırlar. Əməliyyat üçün 6 ay optimal sayılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məluamtı

24/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..