Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İİV-infeksiyasının yayılmasını illər boyu məhdud mərhələdə saxlamaq mümkün olmuşdur

 

İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2018-ci ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 11,0%-i, 1987-01.07.2017-ci illər ərzində isə aşkar olunan halların 43,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

 

 

2018-ci ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 306 təşkil etmişdir. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşlarında, 8-i (2,6%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 74 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

 

 

2018-ci ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 33 nəfər (11,1%) parenteral, 173 nəfər (58,1%) heteroseksual, 20 nəfər (6,7%) homoseksual kontakt nəticəsində, 2 nəfər (0,7%) şaquli yolla, 70 nəfərin (23,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

 

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olmuşdur.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülənlərin 43,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 8,3 -də yoluxma yolu müəyyən edilməmişdir.

 

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4568 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 361 nəfərə müalicə 2018-ci ilin ilk 6 ayı ərzində başlanılmışdır.

 

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınmışdır.

 

Əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I yarım ili ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-lə bağlı maarifləndirmə işləri gücləndirilmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

25/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..