Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məsələləri müzakirə olunub

3 avqust 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması ilə bağlı iclas keçirilib. Səhiyyə Nazirliyinin və İSİM-in nümayəndələri, o cümlədən Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən hemodializ mərkəzlərinin rəhbər və mütəxəssisləri iclasda iştirak ediblər.

 

İclasda “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində mövcud vəziyyət geniş təhlil olunub, böyrəklərin xroniki patalogiyası olan şəxslərin tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

 

İştirakçılar tərəfindən həmçinin böyrəklərin xroniki xəstəlikləri zamanı müasir müalicə və diaqnostika üsullarının tətbiqi məsələləri, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən olunması ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

 

3/08/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..