Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-ya “İlin ən yaxşı universiteti” mükafatı təqdim olunub (FOTO)

ATU Azərbaycanda yeganə ali tibb təhsili verən Azərbaycan Tibb Universiteti ilin ən yaxşısı seçilib. ATU Facebook-da regionun ən böyük təhsil səhifəsi olan "Azərbaycan Universitetləri" tərəfindən keçirilən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi olub.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli "Azərbaycan Universitetləri" Facebook səhifəsinin rəhbəri Zöhrab Süleymanla görüşüb. Görüşdə Zöhrab Süleyman artıq 8 ildir fəaliyyət göstərən bu səhifənin təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda ən böyük izləyici sayına malik olduğunu, səhifənin təhsillə əlaqəli bütün sahələri əhatə etdiyini bildirib.

 

“177 min izləyicisi olan səhifəmizdə ölkənin ali təhsil müəssisələri haqqında düzgün, dolğun məlumatları yaymağa çalışırıq. Bu yaxınlarda universitetlər arasında yarış keçirmək ideyasının reallaşdırdıq. Tələbələr arasında keçirilən sorğu nəticəsində məhz ATU qalib seçilib”.

 

Sorğu zamanı 3 kriteriya üzrə ilin universiteti seçilib: akademik göstəricilər, qəbul nəticələri və sosial mediada olan aktivlik. Bu 3 meyar üzrə 2018-ci il üçün məhz ATU seçilməyi bacarıb.

 

Rektor Gəray Gəraybəyli universitetə səs verən sorğu iştirakçılarına və səhifə rəhbərinə göstərilən etimada görə təşəkkür edərək qonağa ATU-da aparılan islahatlar, qarşıya qoyulan məqsədlər haqqında danışıb.

 

Ötən il ərzində həyata keçirilən yeniliklərə gəlincə, bunlar sırasında aralıq qiymətləndirmə imtahanlarının keçirilməsini, yay praktikasının ləğv olunaraq, gündəlik proqrama daxil edilməsini, kurasiya sisteminin ləğvini qeyd edilib. Bu yeniliklər tələbə və müəllim obyektivliyinin təminatı, daha düzgün qiymətləndirmənin aparılması, vaxta qənaət baxımından əhəmiyyət daşıyır.

 

Görüşün sonunda rektor professor Gəray Gəraybəyliyə "Azərbaycan Universitetləri" səhifəsi tərəfindən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi kimi diplom və mükafat təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

6/02/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..