Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Riyaziyyat və Mexanika İnstitutunda icbari tibbi müayinə tədbiri keçirilib (FOTO, VİDEO)

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda icbari tibbi müayinə keçirilib.

 

Tibbi müayinələr Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Yasamal rayonundakı 16 və 19 nömrəli poliklinikalarının, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılıb.

 

İnstitutun həmkarlar ittifaqı təşkilatının sədri İradə Mirzəzadə müayinələr barədə məlumata verərək deyib: “Hər il fevralın 12-dən mayın 12-dək ölkəmizdə əhalinin icbari tibbi müayinəsi keçirilir. Artıq bir neçə ildir ki, bizim institutda çalısan əməkdaşların birbaşa iş yerində tibbi müayinə aparmaq ənənə şəklini alıb. Məsələ burasındadır ki, müəssisəmizdə gənclərlə yanaşı xeyli yaşlı professor, elmi işçi, hətta yaşı 90-ı haqlayan əməkdaş çalışır. Hansısa səhiyyə müəssisəsinə gedib icbari tibbi müayinədən keçmək xeyli vaxt alır və onlar günün xeyli hissəsini itirirlər.

 

Ona görə də müayinə tədbirlərinin işdən ayrılmamaqla institutda keçirilməsi çox faydalı və səmərəlidir. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətimiz bu il də müsbət qarşılanıb və sağlamlıq keşikçiləri müayinələri iş yerində aparmaq barədə təklifimizi qəbul ediblər”.

 

Aparılan müayinə zamanı institutun 227 əməkdaşı terapevt, kardioloq, nevropatoloq, oftalmoloq və otolarinqoloq müayinəsindən keçib. Həkimlərin məsləhəti ilə ehtiyac olduğu halda əməkdaşlar ultrasəs aparatı ilə müayinə ediliblər və qan analizləri veriblər.

 

Onu da qeyd edək ki, aparılan müayinələrdə qonşuluqda yerləşən İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da iştirak ediblər. Gün ərzində iki institutun birlikdə 500-ə yaxın əməkdaşı icbari tibbi müayinə olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

13/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->