Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Hamiləlikdə İnkişaf Portalı”nın Azərbaycan Tibb Universitetində təqdimatı keçirilib (FOTO)

“Regional İnkişaf” İctimai Birliyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə hazırladığı “Hamiləlikdə İnkişaf Portalı”nın (HİP) Azərbaycan Tibb Universitetində təqdimatı keçirilib.

 

“Hamiləlikdə İnkişaf Portalı” layihəsinin əsas məqsədi gələcək anaların sağlam hamiləlik dövrü keçirməsinə, maarifləndirilməsinə və sosial fəallığının artırılmasına dəstək göstərməkdir. Portal (www.hip.az) qadınların sağlamlığına, akademik və sosial inkişafına müsbət təsir edəcək xüsusi proqramlardan ibarətdir. Burada hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda məlumatlar toplanıb.

 

Portalın İOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqi də istifadəyə verilib. Mobil tətbiqdə qeydiyyatdan keçmiş hamilə qadınlara hamiləlik perioduna uyğun həftəlik dəyişikliklər və layihə çərçivəsində baş verən yeniliklər, tədbirlər haqqında məlumatlar göndərilir.

 

Tədbirdə o da vurğulanıb ki, hamiləlik hər bir qadının həyatının həssas dövrlərindən biridir və bu mərhələdə xanımların düzgün məsləhətlərə ehtiyacı var. Belə ki, qadının ailə üzvləri də hamiləliyin fizioloji gedişatı və baş verə biləcək fəsadlar barədə məlumatlı olmalıdırlar. Bu sahəyə aid olan vacib tibbi biliklərin cəmiyyətə təqdim olunması baxımından portal böyük əhəmiyyətə malikdir.

 

Təqdimat mərasimində layihə çərçivəsində UNİCEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi və digər təşkilatlarla əməkdaşlıqdan da bəhs olunub.

 

Portal barədə daha geniş auditoriyaların məlumatlandırılması məqsədilə Azərbaycan Tibb Universitetinin tələbə və rezidentlərinin də könüllü kimi layihəyə cəlb edilməsi nəzərdə tutulur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

14/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->