Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

08 May Beynəlxalq Talassemiya Günüdür (FOTO)

Talassemiya Mərkəzində 08 May Beynəlxalq Talassemiya Günü ilə əlaqədar konfrans keçirilib.

 

Mərkəzin direktoru Valeh Hüseynov öncə qədim şəhərimiz Şuşanın işğalından 27 il ötdüyünü xatırlatdı. Bütün şəhidlərə Allahdan rəhmət diləyərək dedi ki, inanırıq, tezliklə Şuşaya, əzəli yurdumuza dönəcəyik.

 

Valeh Hüseynov bildirdi ki, 08 May Beynəlxalq Talassemiya Günündə mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi, bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyətin kütləvi maarifləndirməsi, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə və təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə düzgün PR və digər maarifləndirmə vasitələri ilə dəstək verməkdir.

 

Direktor qeyd etdi ki, ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. 1-ci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın Mərkəzə olan qayğısını xüsusi vurğulayan direktor bildirdi ki, hazırda Mərkəzimizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

 

Direktorun elmi işlər üzrə müavini dosent Ramin Bayramlı bildirdi ki, ölkə Prezidentinin 2005/2010, 2010/2015-ci illəri əhatə edən ilk sərəncamlarının ardından 2015-ci il 10 fevral tarixli növbəti Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015/2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Direktor müavini Talassemiya Mərkəzində son bir il ərzində görülən işlər barədə məlumat verərək bildirdi ki, Mərkəzin maddi-texniki gücləndirilib, müalicə-diaqnostika fəaliyyəti ən müasir protokollara uyğunlaşdırılıb, əksər həkimlər və tibbi personlar xarici ölkələrə uzunmüddətli kurslara göndərilib, tibbi sənədləşmə tamamilə elektronlaşdırılaraq “Elektron Klinika” yaradılıb, Elmi işlərə start verilib. Ölkə Prezidentinin “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə Laboratoriyası” ilə təmin olunmasına dair imzaladığı sərəncamla alınan cihaz və avadanlıqların yaxın günlərdə quraşdırılacağı bildirildi. Bu sistemlərin Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında yalnız Azərbaycanda olduğu, bununla da Talassemiya Mərkəzinin bölgənin ən mühüm genetik diaqnostika mərkəzinə çevriləcəyi vurğulandı.

 

Bildirilib ki, Talassemiya Mərkəzi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi indiyədək Mingəçevir, Qax, Şirvan, Lənkəran, Quba, Bərdə və Gəncədə “Talassemiyasız həyat naminə” şüarı ilə regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil edib.

 

Bu günə kimi keçirilən “Talassemiyasız həyat naminə” regional simpoziumlar çərçivəsində talassemiya daşıyıcılığının müəyyən olunması məqsədi ilə, ümumilikdə 1700 dən çox şəxsə müvafiq şəhər mərkəzi xəstəxanalarında ödənişsiz tibbi müayinələr həyata keçirilib. Müraciət edənlərdən götürülmüş qan nümunələri Talassemiya Mərkəzində hemoqlobin elektroforezi üsulu ilə müayinədən keçirilmişdir. Müayinələrin nəticəsi olaraq ümumi 23 nəfərdə talassemiya daşıyıcılığı, 5 nəfərdə isə talassemiya xəstəliyinin olduğu müəyyən edilmişdir. Aparılan müayinələrin nəticələri rayon mərkəzi xəstəxanalarına göndərilərək həkimlər və qan nümunələri vermiş şəxslərə bildirilmişdir.

 

Daha sonra bildirildi ki, Talassemiya Mərkəzinin rəhbərliyi və aparıcı mütəxəssisləri simpoziumlar keçirilən rayon və şəhərlərdə talassemiyalı pasiyentlərin müalicə aldığı müəssisələrin şəraiti ilə yaxından tanış olub. Müvafiq şöbələrdə fəaliyyət göstərən həkimlər və orta tibbi personal ilə maarrifləndirici söhbətlər aparılıb. Bütün regionları əhatə edəcək tədbirlərdən sonra sonuncu simpozium mayın 22-25-də Bakı şəhərində Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş “1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi” çərçivəsində keçiriləcək.

 

Regional simpoziumlar bitdikdən sonra cari ilin sentyabr ayından etibarən Talassemiya Mərkəzində regionlarda talassemiyanın müalicəsi ilə məşğul olan mütəxəssislər üçün əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq, treninqlər təşkil olunacaq. Bu treninqlərin əsas məqsədi, regionlarda xidmət göstərən həkim mütəxəssislərin nəzəri biliklərinin və praktiki səriştələrinin artırılmasına xidmət edəcək. Buna paralel olaraq təhsil müəssisələrində və ASAN xidmət mərkəzlərində talassemiyanın qarşısının alınması məqsədilə maarifləndirici seminarlar mütəmadi keçiriləcəkdir.

 

Mərkəzin Transfuzioloji kabinetinin müdiri Xuraman Cəfərova Mərkəzdə qeydiyyatda olan xəstələr, onlara göstərilən tibbi yardımın mahiyyəti barədə məlumat verərək bildirdi ki, aparılan tədqiqatlara görə, ölkədə Talassemiya daşıyıcılığı 5-8% təşkil edir. Maarifləndirmə işində tibb işçiləri ilə yanaşı, cəmiyyətin bütün təbəqələrinin, xüssilə də təhsil işçilərinin və KİV nümayəndələrinin iştirakının zəruriliyi vurğulandı.

 

"Savab Dünyası Talassemiya Assosiasiyası"nın rəhbəri Sona Dubuxova və "Azərbaycan Talassemiya Federasiyası"nın nümayəndəsi Gülgün Abbasova çıxışlarında görülən işlərdən məmnunluqlarını ifadə edərək təşəkkürlərini bildirdilər, problemlərin aradan qaldırılması üçün birgə fəalyyətin vacibliyini vurğuladılar.

 

Konfrans KİV nümayəndələrini, pasiyentləri və onların valideynlərini maraqlandıran suallar ilə davam etdirildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

8/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..