Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib (FOTO, VİDEO)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

24 may 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfransı keçirilib.

 

1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlayıb. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il 22 may tarixində cənab prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub. 10 illiyini qeyd edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub.

 

Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Konfrans beynəlxalq əhəmiyyətli olub, yerli və xarici oftalmoloqların iştirakı ilə keçirilib. Konfransın məqsədi oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

 

Konfransda “Azərbaycanın Bölgələrində Mobil Oftalmolojı Klinika Əsasında Görmə Orqanının Patologiyalarının Skrininqi Və Korluğun Qarşısının Alınması”, “Gözün Xarici Aparatının Müştərək Travması Zamanı Kombinə Rekonstruktiv Əməliyyatın İmkanlarına Dair”, “Uşaqlarda Zəif Görmənin Reabilitasiyası”, “Orbital Patologıyaların Diaqnostikası Və Cərrahi Müalicəsi”, “Şəkərli Diabetli Xəstələrdə Kornea Epiteli Və Neyropatiya” kimi məsələlər müzakirə edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

24/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->