Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi (FOTO)

31 may – Ümumdünya Tütünsüz Günü bütün dünyada, o cümlədən ölkəmizdə hər il qeyd olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hər il bu günlə bağlı təşkil edilən tədbirlərin əsas məqsədi ictimaiyyəti tütünçəkmənin və tütün tüstüsünün zərərli təsiri ilə bağlı bir daha məlumatlandırmaq, bu zərərli vərdişin qarşısının alınması istiqamətində səmərəli təbliğat və təşviqat işləri aparmaqdır.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 31 may 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Kəngərli açaraq, ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğuladı.

 

Zərərli vərdişlərin həm sağlamlığa, həm də yaradıcılığa ciddi zərər vurduğunu bildirən G.Kəngərli yeni nəsli sağlam həyat tərzi keçirməyə çağırdı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə əhalinin sağlamlığının qorunması, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədi ilə təhsil müəssisələrində silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirdi: “Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ötən illərdə olduğu kimi, 2019-cu ildə də tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə bir sıra kütləvi tədbirlər təşkil edildi. Belə ki, cari ildə Fəvvarələr meydanında “Həyatınızı külə yox, gülə çevirin!” adlı təşviqat aksiyası keçirildi, “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” tövsiyəsi ilə fləşmob təşkil edildi, Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə “Tütündən imtina et” mobil aplikasiyası istifadəyə verildi”.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Hande Harmançı çıxış edərək, 31 may – Ümumdünya Tütünsüz Gününün tarixi və günün builki mövzusu olan “Tütün və ağciyərlərin sağlamlığı” bərədə məlumat verdi. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 8 milyon insan dünyasını dəyişir: “Odur ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununun qəbul edilməsi və icra olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır”. Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericlik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini və bu sahədə məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə və digər zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün əməkdaşlığın, qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğuladı.

 

Görkəmli mədəniyyət xadimləri – xalq artistləri Zamiq Əliyev, İlham Namiq Kamal, əməkdar artistlər – Azad Şükürov, Fehruz Səxavət və Əliağa Sədiyev, müğənni Cavid Hüseyn, gənc rejissor Ümid Abbas çıxış edərək, tütünçəkmənin yaradıcılığa və sağlamlığa zərərlərindən söz açdılar, şəxsi təcrübələrini iştirakçılarla bölüşərək, yeni nəsli zərərli vərdişlərdən uzaq olmağa səslədilər.

Ədəbiyyat və incəsənət xadimləri, səhiyyə mütəxəssisləri, KİV nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

 

 

31 may – Ümumdünya Tütünsüz Günü münasibətilə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həyətində “Tütün çəkmə, şəkil çək!” şüarı ilə maarifləndirici təşviqat aksiyası oldu.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi, tələbələri, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə keçirilən aksiyanın məqsədi tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi idi.

 

Aksiya çərçivəsində Universitet tələbələrinin iştirakı ilə “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi. Tələbələr xüsusi hazırlanmış böyük siqaret maketində yerləşdirilmiş məlumatlandırıcı vərəqələrlə tanış olmaqla tütün tüstüsünün tərkibindəki maddələr (nikotin, aseton, ammoniyak, arsen və s.) barədə ətraflı maarifləndirildilər.

 

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Onun çıxışında vurğulandı ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşü də dəyişir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Tələbələrin diqqətinə çatdırıldı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir.

 

Tədbir təşkilatçıları bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Bu tarixlə bağlı bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda hər il əhalininin tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməsi istiqamətində kütləvi tədbirlər, aksiyalar, fləşmoblar təşkil olunur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

31/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->