Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU ilə Dokuz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Bu gün Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Görüşün əsas məqsədi ATU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlığın əsasını qoymaq, birgə fəaliyyətə dair anlaşma memorandumunun imzalanmasından ibarət olub.

 

ATU-nun rektoru, professor Garay Gəraybəyli universitetlər arasında əlaqələrin yeni səviyyəyə çıxmasına nail olduqlarını bildirdi: “Bu gün istənilən ali məktəb üçün beynəlxalq əlaqələrin inkişafı mühüm yer tutur. Biz də müəllimlərimizin dünya miqyaslı universitet əməkdaşları ilə əlaqə qurmasını, birgə elmi iş və tədqiqatlar aparılmasını, məqalələr yazılmasını arzulayırıq. ATU tələbələri və rezidentlərinin Türkiyədə, Avropadakı həmkarları ilə qarşılıqlı araşdırma aparması üçün bütün imkanlarımız var. Bu imkanları genişləndirmək üçün Türkiyə universitetləri ilə münasibətləri sıxlaşdırmaq niyyətindəyik”.

 

Professor G.Gəraybəyli Tibb Universitetinin Türkiyənin bir çox ali məktəbləri ilə əməkdaşlıq etdiyini, tələbələrin rotasiya qaydasında Türkiyədə təhsil aldığını, bilik və bacarıqlarının artırdığını bildirdi: “Bizim klinikalara demək olar hər ay Türkiyədən professorlar, hocalar gəlir, birgə konqreslər, elmi konfranslar təşkil edirik. Təhsil və tibb sahəsində çalışan insanlar daim təmasda olmalıdır”.

 

Rektor G.Gəraybəyli qonaqlarla söhbət zamanı Azərbaycanda təhsili inkişafına yönəlik atılan son addımlar, prezident fərman və sərəncamları haqqında məlumat verdi. Həmçinin, ATU-da aparılan islahatlarla onları tanış etdi.

 

Dokuz Eylül Universitetinin rektoru Professor Dr. Nükhet Hotar da qarşılıqlı əlaqələrin dərinləşməsinin önəmli olduğunu dedi. O, rəhbərlik etdiyi universitetin böyüklüyünə görə Türkiyədə ilk 5-liyə daxil olduğunu qeyd etdi: “90 min tələbə və işçimiz, 3 iri kampusumuz var. 17 fakültə arasında Tibb fakültəmiz çox inkişaf edib. Universtet nəzdində 1100 çarpayılıq klinikamız fəlaiyyət göstərir. Bakıda 5 universitet rəhbərliyi ilə görüşlər keçirmişik. Niyyətimiz mövcud əlaqələri daha da genişləndirməkdir. İnanırıq ki, bu saziş sayəsində istəyimizə nail ola biləcəyik”.

 

Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Dokuz Eylül Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Tərəflər qarşılıqlı elmi işlər, araşdırma və tədqiqatlar, birgə tədbirlər keçirilməsinə dair anlaşıblar.

 

Görüşdə Dokuz Eylül Universitetinun beynəlxalq əlaqələr üzrə koordinatoru Prof.Dr.Levent Çavaş, ədəbiyyat fakültəsinin nümayəndəsi Prof.Dr.Gülmira Kuruoğlu, şöbə müdiri Prof.Dr.Asuman Altay, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri, assistent İkram Rüstəmov iştirak edirdilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

7/06/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->