Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ukraynalı kardioloqlar ATU-da təhsil sistemi ilə tanış olublar (FOTO)

Ukrayna Uşaq Kardioloji Mərkəzin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Ukrayna Uşaq Kardioloji Mərkəzin direktoru, uşaq kardio və ürək cərrahı, professor İllya Yemets səfərin məqsədi haqqında məlumat verib. Qeyd edib ki, əsasən Azərbaycanda tibb təhsilinin strukturu ilə tanış olmaq, ATU-da mövcud tədris sistemini öyrənmək, faydalı təcrübələri Ukraynada tətbiq etmək niyyətindədirlər.

 

Professor İ.Yemets Ukraynada tibbi sığorta sisteminin tam tətbiq olunmadığını, bu sahədə mövcud problemlərdən danışıb. Qonaq gələcəkdə ATU ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ortaq layihələrin icrası ilə bağlı işlərin aparılmasının tərəfdarı olduğunu da bildirib.

 

Qonaqla görüşdə ATU rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbdə artıq iki pilləli təhsis sisteminin mövcud olduğunu, 6 illik baza təhsilindən sonra rezidenturanın tətbiq olunduğunu bildirib: “Seçilən ixtisasdan asılı olaraq rezidenturanın müddəti 3-5 il arasında dəyişir. ATU-nun həkim, müəllim və tələbələr, o cümlədən müştərək elmi işlərin hazırlanması ilə bağlı bir çox xarici ölkə universitetlərlə sazişləri var. Bunların əksəriyyyəti türkdilli ölkələrin universitetinə aiddir. Belə ki, artıq Türkiyənin 30 universiteti ilə qarşılıqlı əməkdaşlığa dair müqaviləmiz var”.

 

Rektor G.Gəraybəyli ATU-da son dövrlər həyata keçirilən islahatlar, elektron universitet sisteminin tətbiqi və digər məsələlər barədə ətraflı məlumat verib. Həmçinin, tibbi sığorta ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycanda gələn ildən tətbiq olunacaq yeni qaydalarla da qonağı tanış edib.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev və rektor müşaviri, dosent Zülfüqar Musabəyov iştirak ediblər. Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərinin müzakirəsi məqsədilə növbəti görüşlərin keçirilməsinə dair ilkin razılıq əldə olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

24/09/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->