Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Analitik Ekspertiza Mərkəzinin əməkdaşları gömrük əməkdaşları üçün təşkil olunmuş təlimdə (FOTO)

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan dərman vasitələrinin, eləcə də xidməti və mülki silahların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi" mövzusunda gömrük əməkdaşları üçün təlim keçirilib.

 

Təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini Ramiz Hümbətov, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri, gömrük əməkdaşları iştirak ediblər.

 

DGKA-nın rəis müavini Ramiz Hümbətov çıxış edərək bildirib ki, son dövrlərdə ölkəmizdə turizmin sürətli inkişafı gömrük-sərhəd buraxılış məntəqələrindən sərnişinlərin keçidinin artmasına səbəb olub. Təlimin əsas məqsədi artan sərnişin axınlarının düzgün idarə edilməsi, sürətli keçidin təmin olunması üçün gömrük əməkdaşlarının bilik və bacarıqlarının yüksəldilməsidir.

 

Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev gömrük-sərhəd buraxılış məntəqələrində sürətli keçidin təmin olunması, həmçinin vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan, bu istiqamətdə tətbiq edilən yeniliklərdən danışıb, təlimin gömrük əməkdaşlarının bu sahədəki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib.

 

Daha sonra Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşı Vasif Qurbanovun "İcazə sənədi tələb olunan malların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi", Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Xəlil Nəsirovun "Xidməti və mülki silahların ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması", Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Elmin Quliyevin "Şəxsi istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması" mövzularında təqdimatları dinlənilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

6/12/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->