Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib (FOTO)

Fevralın 21-də Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) tərəfindən təşkil olunmuş Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə Konfransı keçirilib.

 

Konfransda Azərbaycan və Türkiyənin aparıcı mütəxəssislərinin xəstəxanadaxili infeksiyalar və antibakterial terapiya mövzusunda təqdimatları dinlənilib, müzakirələr aparılıb.

 

Tədbirdə 250-ə yaxın onkoloq, bioloq, anestezioloq-reanimatoloq, infeksion xəstəliklər mütəxəssisi, klinik farmakoloq, əczaçı, akuşer-ginekoloq, kardioloq, neonatoloqlar, otorinolarinqoloq, molekulyar genetika sahəsinin mütəxəssisi, klinik və fundamental onkologiya sahəsində tədqiqatçı və digər tibbi ixtisas mənsubu iştirak edib.

 

Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tədbir iştirakçılarını MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb və mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. Əziz Əliyev Azərbaycanda onkologiya sahəsində dövlətimizin başçısının rəhbərliyi ilə mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Professor xatırladıb ki, 2015-ci ilin noyabr ayında Azərbaycan Milli Onkologiya Mərkəzi ilə M.D.Anderson adına Onkoloji Mərkəz (MD Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir.

Seminarın əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayan professor Ə.Əliyev bildirib ki, xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.

 

Tədbirdə Dünya Səhiyyə Təşkilatı (DST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının “Xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı DST-nin təlimatları və onların tətbiq üsulları”, Səhiyyə Elmləri Universitetinin Beynəlxalq Tibb Fakültəsi ümumi cərrahiyyə şöbəsinin müdiri professor Mustafa Turanın (Türkiyə) “Yanıq xəstələri və cərrahi xəstələrdə infeksiyaya nəzarət tədbirləri. “İkincili infeksiyalı xəstələrin müalicəsində müasir yanaşma”, Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinin rəhbəri Zəhra Vəzirovanın “Süni ventilyasiya ilə əlaqəli pnevmoniyaların müasir müalicə aspektləri”, Mərkəzi Klinikanın İnfeksiya Nəzarət Komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayevanın “Süni ventilyasiya ilə əlaqəli pnevmoniyaların profilaktikası”, Milli İdman Tibbi və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasovanın “Septik şok. Müasir müalicə metodları”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris işləri üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Təyyar Eyvazovun “HBV markerlərinin seropozitivliyi olan pasiyentlərdə immunsupressiv və kimyəvi terapiyanin xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib və elmi fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, fevralın 20-də konfrans çərçivəsində tibb bacıları üçün Bağcılar Təhsil və Araşdırma Xəstəxanası İnfeksion Nəzarət Komitəsinin üzvü Emine Güngör (Türkiyə) “Xəstəxanadaxili infeksiyalarının qarşısınalma tədbirləri. Gündəlik rutin qaydalar” və Milli Onkologiya Mərkəzinin İnfeksiya Nəzarət Komitəsinin sədri Səriyyə Cavadzadə “İnvaziv girişlərdə və cərrahi müdaxilələrdə standartlar” mövzularında seminar keçiriblər. Seminarda 200-dən çox tibb bacısı iştirak edib.

 

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib. Konfransın sonunda iştirakçı mütəxəssislərə sertifikatlar təqdim edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

21/02/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->