Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gəncədə Səhiyyə Nazirliyi nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyənin inkişafına daim göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə tibb müəssisələrinin yenidən qurulma, təkmilləşdirmə və müasirləşdirmə prosesi davam etməkdədir. Azərbaycanda müasir tibb ocaqlarının yaradılması üzrə işlərin miqyası ildən-ilə daha da genişlənir.

 

Bu günlərdə Gəncədə dünya standartlarına cavab verən Psixiatriya xəstəxanası fəaliyyətə başlayıb. 200 çarpayılıq 5 mərtəbədən ibarət olan Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir. Binanın qalan 4 mərtəbəsi xəstələr üçün nəzərdə tutulub. Bu barədə məlumatı Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva verib.

 

“Bildiyiniz kimi, Azərbaycan Səhiyyəsinin inkişafı və yenilənməsi dövlət siyasətimizin ən vacib preoritetlərindən biridir. Gəncədə inşa olunmuş belə müasir və bütün lazımi avadanlıqlarla təhciz olunmuş Psixiatriya xəstəxanasının açılışı da bunun bariz nümunələrindən biridir. Əsas odur ki, xəstəxanamızda ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir” - baş həkim yeni istifadəyə verilmiş xəstəxana haqqında ətraflı danışdı.

 

Elmira Mirzəyevanın dediyinə görə, Psixiatriya xəstəxanasının işçi heyəti hal-hazırda 175 nəfər təşkil edir. Onlardan 6 nəfər həkim, 25 nəfər orta tibb heyəti, 8-i idarəetmə aparatının işçiləri, 27 nəfər təsərrüfat işçiləri, 4-ü təsərrüfat bacısı, 105 nəfər isə kiçik tibb işçiləridir.

 

Baş həkimin sözlərinə görə, yeni xəstəxanada saxlanma şəraiti ilə bağlı palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi nəzarət olunur. Elmira xanım Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) və BMT-nin aidiyyəti qurumları tərəfindən bu tibb müəssisəsinə mütəmadi nəzarət tədbirlərinin həyata keçirilməsini xüsusi vurğuladı.

 

Bundan başqa, Elmira Mirzəyeva rəhbərlik etdiyi yeni xəstəxanada xəstələrin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün olduqca təsirli olan art terapiyanın tətbiq olunması haqqında məlumat verdi. Onun sözlərinə görə, xəstələr xüsusi ayrılmış otaqlarda tikiş, musiqi, toxuma və rəsmlə məşğul olurlar və bu məşğuliyyət onların sağalmasına çox müsbət təsir göstərir.

 

“Xəstələrimiz onlara ayrılmış reabilitasiya otaqlarında bacarıqlarına uyğun işlərə cəlb olunurlar. Belə ki, binanın həyətində şahmat oynamaq üçün xüsusi yer ayrılıb. Xəstəxanaya gələn qonaqlar xəstələrimizin əl işlərini çox bəyənir. Gələcəkdə hətta bu əl işlərindən ibarət olan sərginin də keçirilməsini nəzərdə tuturuq” – deyə, Gəncədə yeni istifadəyə verilmiş Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva müsahibəsini bitirib.

 

 

 

 

 

 

23/06/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->