Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası sentyabrın 14-də işini davam etdirmişdir.
Tədbirin üçüncü günü qeyri-yoluxucu xroniki xəstəliklər, HİV, QİÇS, spirtli içkilərlə bağlı problemlər, səhiyyə siyasəti konsepsiyası və digər məsələlər müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq iştirak edən ölkələr öz təkliflərini vermişdilər.
Sessiyanın açılışında da ÜST Avropa Regional Bürosunun direktoru xanım Jujanna Yakab həyata keçiriləcək islahatlar barədə məruzə ilə çıxış etmişdir.
Sonra müxtəlif ölkələrin nümayəndələri məruzə ətrafında müzakirələr aparmışlar. Onlar islahatlar prosesini dəstəklədiklərini bildirmişlər.
Azərbaycan səhiyyə sahəsində çox böyük irəliləyişlərə nail olunduğunu deyən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin informasiya departamentinin direktoru Klaudia Ştayn Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyanın çox əhəmiyyətli bir tədbir olduğunu qeyd etmişdir. Bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsinə də şərait yaradır. Ştayn Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın səhiyyə sahəsinə daim dəstək göstərməyə hazır olduğunu bildirib.
Toplantı 15.09.2011-ci il tarixinə kimi davam edəcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı