Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“COVID-19: İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda onlayn təlim keçirildi

USAID və UNICEF-in dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə “COVID-19:İnfeksion nəzarət və profilaktika, müayinə və müalicə” mövzusunda 12 noyabr 2020-ci ildə onlayn təlim keçirildi.

 

Tibb işçiləri üçün nəzərdə tutulan təlimlərin təşkilində məqsəd – iştirakçıların epidemiyalar dövründə cəmiyyətdə və tibb müəssisəsində infeksiyaların profilaktikası və nəzarəti işinin təşkili, COVID-19 virusunun epidemiologiyası, risk faktorları və simptomları, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, koronavirus infeksiyasının yayılmasında icma əsaslı tədbirlərin həyata keçirilməsi, SARS-CoV-2 virusuna yoluxmuş pasiyentlərin müalicəsinin idarəedilməsi üzrə bilik və bacarıqlarının artırılmasıdır.

 

Qeyd edək ki, ilkin təlimlər 550 nəfərdən çox tibb işçisinin iştirakı ilə Lənkəran, Şəki, Qazax, Şəmkir, Zaqatala rayonlarında və Gəncə şəhərində keçirilib. Növbəti mərhələdə təlimlər daha geniş auditoriyanı əhatə etmək məqsədi ilə www.ecourses.az onlayn təhsil platformasında davam edib və artıq 4 təlim təşkil olunub. Bu təlimlərdə 400-dən çox tibb işçisi içtirak edib. Təlimlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 5 DTT krefit balı ilə qiymətləndirilib.

 

Son təlimin 30 noyabr 2020-ci ildə keçirilməsi nəzərdə tutulur. Təlim kursları UNICEF, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq tövsiyələri, habelə Səhiyyə Nazirliyi və TƏBİB-in təlimatları əsasında keçirilir.

 

 

 

 

 

 

 

13/11/2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->