Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə vaksinasiya ilə bağlı müsahibə verib

Azərbaycanda vaksinasiya prosesi artıq başlayıb. Peyvəndlənmə hansı mərhələlərlə həyata keçiriləcək?

 

İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

İkinci mərhələdə tibbi cəhətdən yüksək riskli olanlar-tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaşdan yuxarı olan və ən azı bir xroniki xəstəlikdən əziyyət çəkənlər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN xidmət", "DOST" mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər, yüksəkriskli şəraitli işlərdə çalışan şəxslər-cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksəkriskli sahələrdə çalışan-milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s. sahələrində çalışanlar peyvəndlənəcəklər.

 

 

COVID-19 peyvəndi hansı şəraitdə saxlanılmalıdır?

 

Peyvəndlər temperatur və zərbə kimi, ola biləcək kənar təsirlər hesablanaraq paketlənir. Bu səbəbdən peyvənd ampulaları istiliyə davamlı şüşələrdən seçilir. Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünündə saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir.

 

Azərbaycanda tətbiq olunan “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. “Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır: "Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək.

 

COVID-19-a yoluxub sağalmış insanlara peyvənd vurulacaqmı?

 

Xəstəliyə yoluxub sağalmış insanların yaranmış anticismləri uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yaranmış anticismlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immunsistemi yaradacaq və vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur.

 

Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?

 

Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq.

 

COVID-19 peyvəndi ilə birlikdə həyat normala dönəcəkmi ?

 

COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün biraz daha zamana ehtiyac olacaq. Çünki tam güvənli şəkildə normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyan müddət riayət etməli olacağıq.

 

 

 

19/01/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->