Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin rəsmiləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

Səhiyyə Naziri və Nazirliyin kollegiya üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

 

Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən ordu hissələri 147 dinc sakini amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 700-dən çox insan yaralandı.

 

Bu qanlı hadisələrin səhəri ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.

 

20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

 

Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə böyük diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.

 

Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Xalqımız 20 Yanvar faciəsinin 31-ci ildönümünü 44 günlük Vətən Müharibəsində qazanılan qələbənin fonunda xüsusi qürur hissi ilə qeyd edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

20/01/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->