Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin baş stomatoloqu Nazim Pənahov: “Müasir stomatoloji texnologiyalar ölkəmizdə uğurla tətbiq olunur”

Hər il fevralın 9-u dünyanın bir sıra ölkələrində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Stomatoloq Günü həkim-stomatoloqlar tərəfindən özlərinin peşə bayramı günü kimi qeyd olunur. Bayram ərəfəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş stomatoloqu, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nazim Pənahovla görüşdük. Ölkədəki stomatoloji vəziyyət, müasir stomatoloji texnologiyaların hansı səviyyədə tətbiqi, gələcək perspektivlər və. s ilə bağlı bizi maraqlandıran suallara ətraflı cavab aldıq.

 

Professor N.Pənahovun fikirlərinə görə, inkişaf etmiş dünya ölkələrində stomatologiya sahəsində istifadə edilən müasir texnologiyaların demək olar ki, hamısı ölkəmizdə də uğurla tətbiq olunur. Bu sahə digər tibb ixtisasları ilə müqayisədə daha böyük sürətlə inkişaf edir. “5-6 il öncə hər hansı avadanlıqdan istifadə edən stomatoloqlarımız indi artıq həmin texnologiyanın daha təkmil formasından istifadə edə bilirlər.” Professor N.Pənahov özünün stomatoloji sahədə fəaliyyətə başladığı ilk illərdə klinikalarda olan avadanlıqlarla indiki dövrdə tətbiq olunan müasir avadanlıqları da müqayisə etdi. Bildirdi ki, o zaman stomatoloji kabinetlərdə məhdud sayda stomatoloji qurğu sıxılmış hava turbini ilə işləyirdisə, indi artıq bütün klinikalarımızda ən müasir stomatoloji qurğulardan, ən öndə gedən dişyonulma texnikalarından istifadə olunur: “Sevindirici haldır ki, Amerikada və Avropada hazırda istifadə olunan stomatoloji avadanlıqlar təkcə Bakıda deyil, respublikamızın digər şəhər və rayonlarında da fəaliyyət göstərən stomatoloji klinikalarda uğurla tətbiq olunur. Stomatoloji xidmətin keyfiyyətində xeyli irəliləyiş var. Dünyanın ən inkişaf etmiş ölkələrinin öncül klinikalarında olduğu kimi, ölkəmizdə də ağız boşluğu xəstəliklərinin müayinə və müalicəsi müxtəlif böyüdücülük xassəsinə malik mikroskop altında aparılır.”

 

Professor onu da bildirdi ki, dişlərin estetikası ilə bağlı pasiyentlərin arzu etdikləri hər hansı təklifin stomatoloqlarımız tərəfindən yüksək səviyyədə qarşılanması mümkündür. Həmçinin, lazer texnologiyasının tətbiqi, dişlər çəkilən kimi birbaşa implantların qoyulması, bilavasitə protezlərin hazırlanması, vinirlərlə dişlərə arzu edilən istənilən formanın verilməsi, dişlərin estetikası, funksiyasının tez bir zamanda bərpası və s. pasiyentin ürəyincə olan məsələlərdir.

 

Xaricdə təklif olunan hansısa son metodikanın stomatoloqlarımız tərəfindən yerindəcə öyrənildiyini bildirən professor N.Pənahov qeyd etdi ki, xaricdə keçirilən seminarlarda, master-klaslar və təkmilləşdirmə kurslərında aktiv iştirakı və qazandıqları yeni biliklərin respublikamızda uğurla tətbiq etmələri nəticəsində bu gün Azərbaycan stomatologiyası ön pillələrdə dayanır. Təbii ki, sadaladığım müasir texnologiyanın ölkəmizə gətirilərək uğurla tətbiq edilməsində hazırda yaranmasının 90 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Tibb Universitetinin çalışqan və öz üzərlərində daimi işləyən məzunlarının vasitəsi ilə mümkün olur. 1956-cı ildən fəaliyyət göstərən, hal-hazırda rəhbərlik etdiyim kafedrada ortopedik stomatologiyanın incəlikləri tələbələrə böyük həvəslə öyrədilir və bu sahə sürətlə inkişaf edir”.

 

 

 

 

 

 

9/02/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->