Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Nazirliyin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda “Məktəblərdə COVID-19” mövzusunda sualları cavablandırıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Nazirliyin rəsmi “İnstagram” səhifəsində “Məktəblərdə COVID-19” mövzusunda keçirilən canlı yayım zamanı əhalini maraqlandıran digər suallara da cavab verib.

 

Uşaqlar COVID-19 xəstəliyini necə keçirir və bu xəstəlik uşaqlar üçün nə dərəcədə təhlükəlidir?

 

Pandemiyanın ilk vaxtlarından uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər. Onlar yoluxsalar da, daha çox simptomsuz olurlar. Uşaqlar xəstələnsələr də ağır hallara, pnevmoniyanın baş verməsinə çox az rast gəlinir. Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər. Uşaqlar infeksiyanın mənbəyi kimi yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur.

 

Virusun yeni mutasiyaları barədə nə deyə bilərsiniz? Uşaqlar üçün deyildiyi qədər təhlükəlidirmi?

 

Dünya üzrə mutasiyaların sayı artır. Onlar toplandıqca, virusun xüsusiyyətləri dəyişir. Yeni ştammlar indiki vaksinlərə tabe olurlar. Gələcəkdə necə olacağını demək çətindir. Əgər dünyada hər kəs peyvəndlənsə, xəstəlik sönəcək. Bu günkü peyvəndlər təsirli olmasa, yeni vaksinlərin hazırlanması labüd ola bilər. Vaksinlər tam qorumasa da, virusa yoluxan şəxs xəstəliyi yüngül keçirir. Yeni ştammların uşaqlara daha təhlükəli təsiri olacaqmı sualına cavab olaraq demək istəyirəm ki, bu elmi araşdırmalarla sübuta yetirilməyib.

 

Məktəblərdə uşaqların maska taxması vacibdirmi?

 

 

ÜST-nin göstərişinə görə 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur. Uşaqlara nəzarət etmək olmur, onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər. Hətta bəzəkli maskalarını bir-birilə dəyişə bilirlər. Bu hal yolverilməzdir. Növbəti qrup 6-11 yaşlılardır ki, onlara izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur. Maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunur. 12 yaşdan yuxarı uşaqlarda isə böyüklərdə olduğu kimi maskadan istifadə mümkündür. Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsil müəssisələrində isə bu məcburidir.

 

Ümumiyyətlə İnfeksion xəstəliklər uşaqlar arasında daha çox məktəblər, baxçalar və s. kimi tədris ocaqlarında yayılır. Təkcə COVID-19 yox digər infeksion xətəliklərdən özümüzü necə qorumalıyıq?

 

Təcrübə göstərir ki, uşaqlar arasında həssaslıq olduğu üçün qızılca, məxmərək və digər xəstəliklər yenidən alovlana bilər. Son vaxtlar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciətlərin sayı azalıb. Bu səbədən uşaqlar üçün nəzərdə tutulan planlı peyvəndlərin vaxtı gecikə bilər. Valideynlər bu barədə ciddi düşünsünlər və təqvim üzrə uşaqlarını peyvənd etdirsinlər.

 

Nə üçün peyvənd vurdurmalıyıq?

 

Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq. Vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir. Sadəcə vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə xəstəliyi keçirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər. 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Bu cür şəxslər peyvəndləmə sırasında axrıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən insanlar qrupu var ki, onlar peyvənd olunmalıdır. Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək.

 

 

Video linkdə:

 

https://www.instagram.com

 

 

12/02/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->