Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva kollecin fəaliyyəti haqqında müsahibə verib

2 nömrəli Bakı Baza Tibb Kollecinin fəaliyyəti haqqında məlumat verə bilərsinizmi?

 

2 nömrəli Bakı Baza Tibb kolleci 1975-ci ildən fəaliyyət göstərir. Kollecdə 7 ixtisas üzrə orta tibb kadrların hazırlığı və onların təkmilləşməsi prosesi həyata keçirilir:

1. Feldşer

2. Mama

3. Sanitar-feldşer

4. Diş texniki

5. Əczaçı

6. Tibb bacısı

7. Feldşer-laborant

2 nömrəli Bakı Baza Tibb kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququnu təsdiq edib. Bu günə qədər kollecin 32 minə yaxın tələbəsi məzun olub.

 

Təhsil ocağında son dövrlər hansı yeniliklər baş verib?

 

Bu gün səhiyyə və təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən yeni layihələr təhsildə inkişaf deməkdir. Kollecin məqsədi orta ixtisas təhsilinin müasir standartlar səviyyəsində qurulması, ölkəmizi savadlı və peşəkar kadrlarla təmin etməkdir. İslahatların həyata keçirilməsi ilə əlaqədar kollecdə bir sıra mühüm işlər görülür. Görülən işlərin siyahısında:

• Kollecdə 19 fənn birləşmə komissiyası mövcuddur.

• Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə orta tibb işçilərinin sertifikasiya imtahanlarının test suallarının hazırlanması kollecimizin müəllimlərinə tapşırılıb. Belə ki, orta tibb işçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün kollecin müəllimlərindən yaradılan işçi qrup tərəfindən hazırlanmış testlər düzgün izahlı cavablarla tam şəkildə tərtib edilibdir. 10 mindən çox test tapşırıqları, situasion məsələlər hazırlanıb sertifikasiya mərkəzinə təqdim olunub. Mütəmadi olaraq yeni testlər əlavə olunur.

 

Bəzən ana dilində tibbi ədəbiyyatların kifayət qədər olmaması bildirilir. Belə bir problem varmı? Varsa tələbələrə yardım məqsədi ilə hansı addımlar atılır?

 

Bəli tibb kolleclərində Azərbaycan dilində tibbi ədəbiyyat az olduğundan kollecin müəllimləri tərəfindən 13 dərs vəsaiti hazırlanaraq tələbələrin istifadəsinə verilib. Kollecdə elektron kitabxana da mövcuddur. Ədəbiyyatın kifayət qədər olmamasından kollecin müəllimləri tərəfindən bütün ixtisaslar üzrə fənn proqramlarına uyğun mühazirə topluların elektron versiyaları hazırlanıb CD disklər kataloqlaşdırılaraq kollecin kitabxanasına təqdim edilib. Yazılmış mühazirələr tədricən yeniləşdirilərək müasir elmi yeniliklər, illüstrasiya o cümlədən hərəkətli görünüşlərlə zənginləşdirilir. Dərs vəsaitlərindən və CD disklərindən nəinki tələbələr hətta tibb sahəsində çalışan orta tibb işçiləri də istifadə edir. Beləliklə kollecin rəsmi saytında yerləşən elektron kitabxanadan istənilən şəraitdə istifadə olunur. Kitabxanada mövcud olan dərsliklərin elektron versiyası hazırlanıb kollecin rəsmi saytının “Elektron kitabxana” bölməsində yerləşdirilmişdir ki, bu da tələbələrə onlayn şəkildə istənilən ədəbiyyatdan istifadə etmək imkanı yaradır.

 

Hazırda kollecdə hansı istiqamətlərdə təhsil mövcuddur?

 

Hazırda kollecdə 1827 tələbə təhsil alır. Təhsil ödənişli və ödənişsiz əsaslarla keçirilir. Eyni vaxtda diplomdansonrakı təkmilləşmə kursları fəaliyyət göstərir.

• 2015-ci ildən “Virtual Test Sistemi” lahiyəsi uğurla tətbiq edilir, tələbələrin biliyinin qiymətləndirilməsi şəffaflıq və obyektivliklə təmin edilir.

• Kollecdə tələbələrə kömək göstərmək məqsədilə “Qiymətləndirmə və monitorinq” bölməsi, akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunub;

• Orta tibb işçilərinin diplomdansonrakı təkmilləşdirmə şöbəsində 7 ixtisas üzrə kurs və 20-yə yaxın tematik kurslar keçirilir. 2021-ci ildə ölkəmizdə immunlaşma prosesinə start verildiyinə görə “İmmunlaşdırma” kursların təşkilinə kollecin müəllimləri cəlb olunub və minə yaxın orta tibb işçisi artıq bu təlimlərdə iştirak edib lazımı biliklərə yiyələniblər.

• İl boyu tələbələrə mədəni davranış qaydaları aşılanır, orta tibb işçisinə məxsus şəfqət hissi, tibb işçisinin deontologiyası mövzusunda söhbətlər aparılır. Aktual mövzulardan olan İİV, narkomaniya, və digər bəlaların yaranma səbəbləri və aradan qaldırılması yollarına həsr olunmuş tədbirlər, konfranslar keçirilir.

 

Vətən müharibəsi dövründə fəaliyyətinizdən danışmaq istərdik.

 

Müstəqil Dövlətimizin süverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən Vətən Müharibəsi günlərində 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllim-tələbə heyəti də ordumuza dəstək olub. Ordumuzun bu mübarizədə qazandığı qələbələrdən ruhlanan tələbələrimiz könüllü olaraq ordu sıralarına yazılıblar onlarla tələbə ön və arxa cəbhədə Vətənə xidmət ediblər. Vətən Müharibəsi iştirakçıları olan bir neçə tələbə Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə medallarla təltif olunublar. Vətən müharibəsinə könüllü yollanan kollecinin müəllimi Mürsəl Kazımov qəhrəmancasına şəhid olub.

 

 

 

19/02/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->