Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gətirilib

Mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksinlərin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvəndi daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

 

Vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Xələf Xələfov jurnalistlərə açıqlamasında vurğulayıb ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycana gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahürüdür: “Ümid edirəm ki, bu əməkdaşlıq nəticəsində ölkələrimiz pandemiyaya qarşı mübarizədə müvəffəqiyyətli olacaqlar. Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib”.

 

Səfir Mixail Boçarnikov “Sputnik V” vaksininin ilk partiyasının xüsusi bir gündə - Pasxa bayramında Bakıya gətirilməsindən məmnun olduğunu ifadə edib: “Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək”.

 

Onun sözlərinə görə, “Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 64 ölkəsində qeydiyyatdan keçib: “Rəqəmlər artıq öz sözünü deyir. Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

 

Öz növbəsində Viktor Qasımov qeyd edib ki, pandemiyaya qarşı effektli mübarizə üsulu əhalinin peyvənd olunmasıdır: “Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın siyasi dəstəyi və gündəlik nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib. İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gətirilib. Bu gün burada “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq”.

 

Onun sözlərinə görə, “Sputnik V” yüksək effektliliyə malikdir: “Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub və bu proses uğurla davam edir. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.

 

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2/05/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->