Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyənin Qazi Universitetinin nümayəndə heyətini qəbul edib

Səhiyyə nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Teymur Musayev Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli də iştirak edib.

 

Türkiyədən gələn nümayəndə heyətini salamlayan Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğunu vurğulayıb: “Müasir dünyada keyfiyyətli tibb təhsili olduqca vacib məsələdir. Bu mənada, ATU və Qazi Universitetinin əməkdaşlığı, o cümlədən elmi və təcrübi biliklər mübadiləsi aparması tibb işçilərimizin vətəndaşlarımızın sağlamlığının keşiyində daha peşəkarlıqla dayana bilməsi baxımından çox önəmlidir. Mən Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində də yaxından əməkdaşlıq edirik. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu qlobal təhlükədən daha az itkilərlə çıxmağı bacarıb”.

 

Professor Gəray Gəraybəyli rəhbəri olduğu ATU ilə Türkiyənin tibb üzrə ixtisaslaşmış universitetləri arasındakı əlaqələrdən danışıb: “Bizim Qazi Universiteti ilə işlək əməkdaşlıq müqavilələrimiz var. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, biz iki universitet arasındakı memorandumu yenilədik. Tələbələrimiz Qazi Universitetində keçirilən tibb bacısı, stomatologiya və tibb ixtisasları üzrə dərslərə onlayn olaraq qatılıblar. Qeyd edim ki, ATU-da keçən ildən etibarən 4 yeni ixtisas üzrə qəbul aparılır. Bu ixtisaslar üzrə də türkiyəli həmkarlarımızdan kömək görürük”.

 

Qazi Universitetinin 95 yaşı olduğunu bildirən rektor, professor Musa Yıldız isə, 11 fakültə, 1 kollec, 3 peşə məktəbi və 5 institut ilə insanların xidmətində olduqlarını nəzərə çatdırıb: “Qardaş Azərbaycana hər zaman bütün imkanlarımızla yardım etməyə hazırıq. “İki dövlət, bir millət” anlayışı Qarabağ müharibəsi ilə tam şəkildə təsdiqləndi”.

 

Görüşün sonunda universitetlər arasındakı əlaqələrin daha da möhkəmlənməsi, gələcəkdə elmi və təcrübi biliklər mübadiləsinin artırılması qərara alınıb.

 

 

 

 

 

 

 

 

25/05/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->