Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Bəzi mətbu orqanlarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin direktor müavini olmuş Könül Mahmud qızı Vəliyevanın yenidən vəzifəyə təyin olunmasına dair məlumatlar dərc olunmuşdur. Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məsələyə münasibət bildirərək yanlış məlumatları dərc etdirən mətbu orqanların diqqətinə çatdırır ki, bu yazılar əsassızdır. Belə ki, 03.10.2011-ci il tarixindən etibarən məhkəmənin qərarına əsasən K.M.Vəliyeva tutduğu vəzifəsindən kənarlaşdırılmış, onun vəzifələrinin icrası digər tibb işçisinə həvalə olunmuşdur.
Bildirmək istərdik ki, Bakı Apelyasiya Məhkəməsinin K. Vəliyevaya dair çıxardığı qərara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada tədbirlər görüləcək.
13/02/2012