Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin yanvar ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 31 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 2 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 325, mikrobioloji göstəricilərinə görə 259, toksikoloji göstəricilərinə görə 92, radioloji göstəricilərinə görə 13 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 10-da orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evlərindən 920 yaxma nümunəsi götürülmüş, yaxma nümunələrində mikrobioloji çirklənmə aşkar edilmişdir.
Yanvar ayı ərzində əhali arasında 61 qida zəhərlənməsi hadisəsi baş vermiş, 66 nəfər zərərçəkən olmuşdur. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 6 nəfər zərərçəkən olmuşdur.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
21/02/2012