Bakıda iyunun 5-dən 7-dək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə müasir səhiyyənin keyfiyyət və davamlılığının prioritetləri mövzusunda yüksək səviyyəli beynəlxalq görüş keçirilir.
Tədbir ÜST-nin Avropa Regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndələrini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirib.
Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev beynəlxalq görüşün müasir dövr üçün mahiyyəti və məqsədlərinin aktuallığını yüksək qiymətləndirdi. Teymur Musayev bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu əməkdaşlığının əsasını qoyduğunu vurğuladı: “Milli səhiyyəmizin əldə etdiyi nailiyyətlərin əksəriyyəti üçün zəmin məhz Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə şəxsi iştirakı ilə həyata keçirilib”.
Teymur Musayev diqqətə çatdırdı ki, son 15 il ərzində Azərbaycan milli səhiyyə sisteminin infrastruktur, insan kapitalı və bu sahənin modernləşdirilməsi istiqamətində mühüm işlər görülüb: “Bu müddət ərzində müasir avadanlıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Peşəkar tibbi kadr potensialının formalaşdırılması və inkişafında mühüm nailiyyətlər əldə edilib, Azərbaycan Tibb Universitetinin tədris planı beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, müalicə-profilaktik mərkəzlərində vətəndaş amili prioritet məqsədə çevrilməklə səhiyyənin paradiqmasını yenidən qiymətləndirmək üçün böyük imkanlar yarandı. Artıq ilkin mərhələ uğurlu nəticələrlə həyata keçirilməkdədir”.
Səhiyyə sistemlərin və dünya iqtisadiyyatının pandemiya rejimindən pandemiyadan sonrakı bərpaya tədricən keçidini vurğulayan nazir səhiyyə sahəsində son fövqəladə hallar zamanı ÜST-nin həlledici və strateji rolunun bir daha təsdiqləndiyini qeyd etdi.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər qoyuldu, effektiv mübarizə tədbirləri həyata keçirildi. Qısa zamanda COVID-diaqnostika laboratoriyalarının sayı 42-yə yüksəldi, 11 modul tipli yeni xəstəxana istifadəyə verildi. Həmçinin, insan resursları səfərbər edildi, həkim və tibb bacıları personalı üçün intensiv təlimlər keçirildi, xəstəxanalar müasir tibbi avadanlıq və dərman vasitələri ilə təchiz edildi: “COVID-19 pandemiyası səhiyyə də daxil olmaqla bir çox xidmətlərin mütərəqqi İT həlləri tətbiq edilməklə rəqəmsal transformasiyaya keçidini genişləndirdi”.
“Tədbir dünyada ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə xüsusi ehtiyac olduğu bir vaxtda keçirilir. İlkin səhiyyə, stasionar və ambulator müalicələr üçün davamlı və sürətli vahid rəqəmsal platformaya transformasiya, səhiyyə sistemlərində müasir menecmentin tətbiqi olduqca aktualdır. Bugünkü tədbir səhiyyə sistemlərinin gələcək ictimai sağlamlıq məsələləri üçün funksionallığının hazırlanmasında mühüm addım olacaq”, - deyə nazir fikrini tamamladı.
Daha sonra ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Klugenin tədbir iştirakçılarına ünvanlandığı videomüraciəti dinlənilib.

Beynəlxalq tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Moldova Respublikasının səhiyyə naziri Alla Nemerenko, Bosniya və Herseqovinanın səhiyyə və sosial işlər naziri Alen Şeraniç, Yunanıstanın səhiyyə nazirinin müavini Mina Qaqa və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxış ediblər.

Tədbirin son günü Azərbaycanın səhiyyə sisteminə həsr olunacaq. Belə ki, müzakirələrdə əsas diqqət ölkənin bu sahədəki xüsusi ehtiyaclarının müəyyənləşdirilməsinə və dəstəyin, həll yollarının göstərilməsində ÜST-nin rolunun müəyyənləşdirilməsinə yönəldiləcək. Bu sessiya yerli və beynəlxalq iştirakçıların, həmçinin ÜST ekspertlərinin fəal iştirakı ilə baş tutacaq, eyni zamanda xəstəxanalar sahəsində ölkənin səhiyyə ehtiyaclarının həllinə hərtərəfli və birgə yanaşmanı təmin edəcək.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.