Bakıda dekabrın 5-də “Uşaqlar və ekologiya” mövzusunda Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Forumun uşaqların sosial fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların fəal iştirakının təmin edilməsi, habelə dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Forumun açılışında çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbirdə müzakirə olunan mövzunun aktuallığını vurğulayıb: “Bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır. Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.
Nazir müavinin sözlərinə görə, qlobal istiləşmə ilə əlaqədar xəstəliklərin sayı artmaqdadır: “İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir. İqlim dəyişkənliyi xüsusilə də inkişaf edən ölkələrdə yaşayan uşaqlarda xəstəliklərin inkişaf riskini artırır”.
Öz çıxışında İlqar Qasımov iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunun vacibliyini qeyd edib: “İqlim dəyişikliyi hazırda dünyanın üzləşdiyi qlobal problemlərdən biridir və bununla mübarizədə hər bir fərd əlindən gələni etməlidir. Gənclər ölkəmizin gələcəyidir və onların düzgün məlumatlandırılması, bu istiqamətdə maarifləndirilməsi dünyanın gələcək inkişafına mühüm təsir göstərəcək”.
Nazir müavini Azərbaycanın COP29-a ev sahibliyinin 2024-cü ilin ən mühüm hadisəsi olduğunu diqqətə çatdırıb: “Eyni zamanda, qlobal tədbirin ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır”, - deyə Azərbaycan səhiyyə nazirinin müavini fikrini tamamlayıb.