- Gülnarə xanım, ilk öncə revmatoid artrit xəstəliyi haqqında məlumat verərdiniz...
- Revmatoid artrit birləşdirici toxumanın naməlum etiologiyalı xroniki sistem xəstəliyi olub, oynaqların kliniki olaraq proqressivləşən, eroziv artritlə xarakterizə olunan mürəkkəb autoimmun patogenezli xəstəlikdir.
Revmatoid artritin kliniki gedişi, proqnozunun ağırlıq dərəcəsi və sosial əhəmiyyətinə görə digər artritlərdən fərqlənir. Epidemioloji tədqiqatlar göstərir ki, Yer kürəsi əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir.
- Bu xəstəlik orqanizmdə hansı simptomlarla özünü biruzə verir?
- Müasir təsəvvürlərə əsasən, revmatoid artrit mürəkkəb patogenizinin əsas mexanizminin tənzimlənməsində mühüm rolu oynadığı immunoloji proseslərin pozğunluğu təşkil edir. Müəyyən olunub ki, periferik endokrin vəzilərin – qalxanvari, cinsi, böyrəküstü vəzilərin fəaliyyətinin pozulması bu xəstəliyin gedişinə öz təsirini göstərir. Revmatoid artrit patogenizində əsas yeri limfositlərə mənsub olan immun dəyişikliklər təşkil edir. Naməlum etioloji amilin oynaqların sinovial qişasını zədələməsi nəticəsində sinovial mühitə damarlardan T və B limfositlərin axını güclənir və onların arasında disbalans baş verir. Qanda revmatoid faktor kimi autoanticismlərin yüksək konsentrasiyası, bir çox hallarda immun kompleksin nəzərə çarpacaq dərəcədə miqdarının artması, limfositlərin aktivləşməsi aşkar edilir. Revmatoid artrit zamanı baş verən immun iltihabi proses, xroniki persistəedici, residiv verən xarakter daşıyıb, əsasını immunoloji homeostazın dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri təşkil edir. Revmatoid sinovit oynaq qığırdağı, sümük toxuması, damarlar və daxili orqanlarda iltihabi və destruktiv proseslərin başlanğıc etapı hesab olunur.
- Revmatoid artritit xəstəliyi müalicəsində medikamentoz müalicə ilə yanaşı, başqa hansı müalicə üsulları var?
- Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsul işləyib hazırlayıb. Sanator-kurort müalicə bu etapların içərisində özünəməxsus yer tutur və onun tətbiqi vacibdir. Revmatoid artrit xroniki və ağır gedişata malik olması, funksional vacib oynaqların destruksiya və deformasiyasi ilə nəticələnməsi baxımından, onun vaxtında diaqnozunun qoyulması və müalicəsinin erkən başlanması vacib şərtlərdən biridir.
Xəstəliyin müalicəsində sanator-kurort müalicəsi və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir.
Revmatoid artritin müalicəsində xəstəliyin tsiklik xarakterli gedişini, müxtəlif aktivlik dərəcəsini, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi differensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicədən ultrasəs müalicəsi, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin olunur. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Ancaq bu göstərilən faktorlardan hidrogen sulfidli vannalarla müalicə öz effektliyinə görə xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə parogenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadası, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir.
Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır.
- Revmatoid artritin hansı aktivliyində, formasında və mərhələsində fiziobalneoterapevtik müalicə təyin edilməlidir?
- Revmatoid artritin oynaq forması ilə I, II aktivlik dərəcəsi, ləng gedişi, seropozitiv və seroneqativ variantlar, vaskulit əlamətlərinin müşahidə olunmaması, I, II mərhələlərdə I və II dərəcəli funksional pozğunluğu zaman fiziobalneoterapevtik müalicə təyin edilməlidir.