İyunun 17-də “Gənclik Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və nazirliyin 2 nömrəli Bakı Tibb Kolleci tərəfindən tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi geniş ictimaiyyətin diqqətini təxirəsalınmaz vəziyyətlərdə ilk yardım mövzusuna yönəltmək və maarifləndirməkdir. Kampaniya çərçivəsində arzu edənlərin arterial təzyiqi, nəbzin tezliyi, boy və çəkiləri ölçülüb.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
Daha sonra 2 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlkin yardım - ikinci həyata addım!” adlı fleşmob təşkil olunub.
Fleşmobda Tibb kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə tibbi yardımın göstərilməsi, eyni zamanda düzgün gigiyena qaydaları əyani olaraq nümayiş etdirilib.
Həmçinin, sağlamlıq mövzuzunda viktorina keçirilib. Sonda qaliblər mükafatlandırılıb.