Azərbaycan Səhiyyə Nazirliyində Pakistanın Rifah Beynəlxalq Universitetinin (RIU) kansleri Həsən Məhəmməd Xanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb. Səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan Teymur Musayev qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir və pakistanlı tələbələrin ali tibb təhsili alması üçün Azərbaycanda bütün lazımi şərait yaradılıb”.
Teymur Musayev həmçinin Azərbaycan Tibb Universitetinin Pakistanın Rifah Beynəlxalq Universiteti ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. Onun sözlərinə görə, bu ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən Tibb təhsili üzrə beynəlxalq konfrans da baş tutacaq.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
Öz növbəsində Həsən Məhəmməd Xan vurğuladı ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. RIU-nun rektoru bildirdi ki, ölkələrimiz arasında səhiyyə sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Həsən Məhəmməd Xan Tibb təhsili üzrə ilk beynəlxalq konfransın (International Conference on Medical Education – ICME) 2009-cu ildə Pakistanın paytaxtı İslamabadda baş tutduğunu qeyd edib: “ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspert və alimləri bir araya gətirməklə bu sahədəki son yeniliklərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdır”.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin perspektivləri də müzakirə edilib.