Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Əvvəlcə Rusiyanın nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn Rusiyanın nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib. Qonaqlar «Əbədi məşəl» kompleksinin önünə əklil qoyublar.
Qonaqlar həmçinin «Qardaşlıq Məzarlığı» Əbədi Xatirə Kompleksini ziyarət edib. İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, kompleksin önünə əklil və gül qoyulub.
Rusiya səhiyyə nazirinin səfəri çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının bazasında fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitlə tanışlıq, ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında yenilənmiş Sazişin imzalanması, həmçinin Seçenov Universiteti Bakı filialının ilk məzunları ilə görüş də nəzərdə tutulur.